Firəngiz Əlizadə – tükənməz enerjili sənətkar

Müasir  Azərbaycan   musiqi  mədəniyyətinin  ən  parlaq,  istedadlı  nümayəndələrindən  biri olan  Firəngiz  xanım  Əlizadə  gözəl  bəstəkar,  virtuoz  pianoçu,  tələbkar  diricor,  dərin düşüncəli nəzəriyyəçi,   təcrübəli  pedaqoq  və  ictimai xadim  kimi  nəinki  öz  doğma  vətənində, həmçinin  ondan çox-çox  uzaqlarda da   böyük   şöhrət  qazanmış  bir  sənətkardır. O,  Azərbaycan  musiqi  mədəniyyətini  dünya  miqyasında layiqincə  təmsil  edən  ən görkəmli  şəxsiyyətlərdən biridir.

Firəngiz  xanımın  əsərləri  dünyanın  müxtəlif  ölkələrində,  ən möhtəşəm konsert  salonlarında  və  teatr  səhnələrində  səslənərək  minlərlə dinləyicinin və  tamaşaçının böyük  rəğbətini  qazanmış, dünya  şöhrətli ən  nüfuzlu  ifaçılardan  İvan Monigettinin,  David Qerinqasın,  Yo Yo Manın,  Evelin Qlenninin,  Elzabet Mozerin, Alim  Qasımovun  və məşhur   ansambllardan — Krons Quartet (ABŞ), Die 12 Cellisten der  Berliner Philormoniker (Almaniya)  və  digərlərinin  repertuarında   öz yerini  möhkəm  tutmuşdur. Onun  qastrol  etdiyi ölkələrin  coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San-Diyeql, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion,  Tokio, Paris  və s.

Bəstəkarın  böyük  mənəvi  və  əxlaqi  keyfiyyətləri  özündə  təcəssüm  etdirən «İntizar»,  «Sənin  adın  Dənizdir»,  «Ağ  atlı  oğlan», «Boş  beşik»  və  «Stadt-Graniza»  baletləri,  «Habilsayağı»,  «Oazis»,  «Dərviş», «Abşeron» — müxtəlif  ifaçılıq  tərkibi  üçün  instrumental  kompozisiyaları,  «Silk road» Konserti, violonçel  və  orkestr  üçün  Konsert  «Mərsiyə»,  böyük simfonik  orkestr  üçün «İthaf»  və s. bu kimi  əsərləri  mötəbər  konsert səhnələrində bu gün də  böyük  triumfla  səslənir və   dünyanın  ən  nüfuzlu  musiqi  ifaçılarının  repertuarını  bəzəyir.  Firəngiz Əlizadənin   minlərlə insanın  qəlbini  fəth edən  və  məhz milli  mənbələrdən, xalq  musiqisinin  dərin  qatlarından  qidalanan  müxtəlif  canrlarda  yazdığı  əsərləri  artıq  dünya  musiqi  xəzinəsinin  sərvətinə  çevrilmişdir.

Təsadüfi deyil ki,  həm əsərlərinin bir  çox  xarici  ölkələrdə  ifa  olunması, həm də bir çox ölkələrin və musiqi  kollektivlərinin  sifarişi ilə  əsər  bəstələməsi  Firəngiz Əlizadənin   həmin  ölkələrin «composer  in residence»  (ölkənin  rəsmi  bəstəkarı)   kimi   fəxri  tituluna  layiq  görülməsinə  əsas vermişdir. Bu da  Firəngiz  xanımın   beynəlxalq  aləmdə  böyük  nüfuza  malik olmasını  bir  daha təsdiq  edir.

Haqlı  olaraq  Firəngiz Əlizadəni   «dünyanın  ən  yaxşı bəstəkarlarından  biri»  adlandırırlar. Mən  deyərdim,  Firəngiz  xanım  həm də  çox  xoşbəxt  bəstəkardır. Çünki  onun  əsərləri  daima  səslənir,  daima  ifa  edilir.Bu  bəstəkar  üçün ən  vacib və ən  sevindirici bir haldır. Əlbəttə, Firəngiz xanımın   çoxşaxəli  yaradıcılığı,    ifaçılıq  fəaliyyəti,  əldə  etdiyi  çoxsaylı  uğurları haqqında  saatlarla  danışmaq  olar. Lakin  biz qarşımıza bu məqsədi    qoymuruq.

Belə  bir  şəxsiyyətin  yetişməsində  və  fomalaşmasında, şübhəsiz  ki,  onun  doğulub boya-başa  çatdığı  mühit,  professional  biliyin əldə  olunduğu təhsil ocağı  da az rol  oynamamışdır. Firəngiz  Əliağa  qızı  Əlizadə  1947-ci  il  mayın  28-də  Bakıda ziyalı  ailəsində anadan  olmuşdur. İlk  musiqi  təhsilini o,  Azərbaycan  Dövlət Konservatoriyasının  nəzdində  xüsusi  istedadlı  uşaqlar  üçün  orta  ixtisas  musiqi  məktəbində ( indiki Bülbül adına orta  ixtisas  musiqi  məktəbi)  almışdır. Məhz  bu  musiqi  ocağında professional bacarığa  yiyələndiyi dövrdən  başlayaraq onun əsl  musiqiçi  kimi  formalaşmasının  təməli  qoyulur. Ən  əsası  isə  uşaqlıqdan  musiqiyə  olan  hədsiz  həvəsi, daim  yaratmaq,  bəstələmək  eşqi  onu  bu  sənətdə  gələcəkdə zirvələrə  qaldırır.

Firngiz Əlizadə musiqi  təhsilini  daha  sonra  Üzeyir Hacıbəyov adına Azərbaycan  Dövlət  Konservatoriyasında  (indiki Bakı Musiqi  Akademiyası) bəstəkarlıq  və  fortepiano  ixtisasları  üzrə davam  etdirir. Həm  bəstəkarlıq (1972-ci  il,  prfessor  Qara  Qarayevin  sinfi),  həm də  fortepiano  ixtisası  üzrə  (1970-ci  il,  professor Urfan  Xəlilovun  sinfi) konservatoriyanı o, fərqlənmə   diplomu  ilə  bitirir. Tələbəlik illərində dünya  şöhrətli  bəstəkar,  pedaqoq ,  sözün  əsl mənasında, böyük  musiqiçi  Qara  Qarayevlə sıx  ünsiyyətdə olması onun həm bir  istedadlı bəstəkar,  həm də  bir  pedaqoq  kimi  formalaşmasınada  böyük  rol oynayır.   1972-1974-cü  illər  ərzində  Qara  Qarayevin assisenti  kimi  çalışan Firəngiz  Əlizadə  artıq 1974-cü  ildən  Azərbaycan Dövlət Konservatoriyasında  müstəqil   pedaqoci  fəaliyyətələ  məşğul  olmağa  başlayır. Onun  ali  musiqi  təhsili  ocağında oxuduğu  mühazirələr, hazırladığı proqramlar tələbələr  və  pedaqoci heyət  tərəfindən  daima  böyük  maraqla,  dərin  həvəslə  dinlənilmiş  və yüksək  qiymətləndirilmişdir.

Hələ  gənc yaşlarından  istedadı,  tükənməz  gücü  və  erudisiyası   Firəngiz Əlizadəyə  müxtəlif  müasir  musiqi  tədbirlərinin  keçirilməsinə  təkan  verir. Müasir  musiqinin  alovlu təbliğçisi  və  həvəskarı  olan Firəngiz  xanım belə  tədbirlərin  həm  təşkilatçısı,  həm  də iştirakçısı  rolunda  fəal çıxış  edir. Bir  pianoçu  kimi  o,  A.Berq,  P.Hindemit  və  XX  əsrin  digər  avanqard   bəstəkarlarının  müasir  əsərlərinin ölkəmizdə tanıdılmasında  mühüm  rol  oynayır,  həmçinin bir çox  Azərbaycan  bəstəkarlarının  əsərlərinin  ilk  ifaçısı  kimi  tanınır. Öz  əsərlərinin  təqdimatında  da  o,  çox  vaxt  həm  pianoçu,  həm də  diricor  kimi  çıxış  edir. Həmin  illərində (70-ci  illərdə)  başladığı  bu  fəaliyyətini  Firəngiz  xanım  bu  günədək  böyük  həvəs  və  şövqlə  davam  etdirir. İstər  xarici  ölkə  bəstəkarlarının    öz doğma  vətənində,  istərsə   də  bizim müasir  bəstəkarların əsərlərini  xaricdə tanıdılmasında Firəngiz  xanım  var  qüvvəsi  ilə  çalışır.

Maraqlıdır  ki, tez  bir  zamanda özünü istedadlı və  perpektiv bəstəkar  kimi  tanıdan Firəngiz Əlizadə artıq 1974-cü  ildən  SSRİ  və  Azərbaycan  Bəstəkarlar    İttifaqının  üzvü seçilir . Burada  onun məsuliyyəti  daha  da artır  və  o, 1979-cu  ildən Azərbaycan  Bəstəkarlar  İttifaqının  İdarə  Heyətinin  katibi  kimi   fəaliyyətini  davam  etdirir.  2007-ci  ildən isə Firəngiz  xanım  Azərbaycan  Bəstəkarlar  İttifaqının  sədri  seçilir  və  bu  günə  kimi  həmin  vəzifədə  işini uğurla yerinə yetirir. Bununla  bağlı  xüsusi vurğulamaq  istərdim  ki,  Azərbaycan  Bəstəkarlar  İttifaqına yeni  sədrin —  Firəngiz  xanımın təyin  olunması  ilə  əlaqədar    musiqi  yaradıcılığı  mühitində də  kreativ  impulsun yaranması  müşahidə  edilir.

İttfaqın  işində əmələ  gələn dinamika   və  fəallıq,  şübhəsiz  ki,  Firəngiz  xanım Əlizadənin  şəxsiyyəti  ilə  sıx  bağlıdır.  Məhz  onun  gərgin  əməyi  və   təşəbbüsü  hesabına  Azərbaycan  musiqisi  Bakının,  Azərbaycanan  və  eləcə də  xarici  ölkələrin  konsert  zallarında  tez-tez  səslənməyə  başlamışdır. İttifaqa  rəhbərlk  etdiyi  qısa  vaxt  ərzində  çox  böyük  işlər  görülmüş,  mən  deyərdim,  Firəngiz  xanımı  istedadlı  administrator  kimi  xarakterizə  edən  onun şəxsiyyətinin  yeni  tərəfi   kəşf  edilmişdir. Həqiqətən, Azərbaycan  Bəstəkarlar  İttifaqı  Firəngiz  xanımın  fədakar  fəaliyyəti  nəticəsində  yeni  mərhələ  əldə  etmişdir. Mən  1983-cü  ildən  həmin  ittifaqın  üzvü  kimi əminliklə  deyə  bilərəm  ki,   Bəstəkarlar  İttifaqı  yenidən «doğma»  təşkilata  çevrilmişdir.

Məlumdur ki,   XX  əsrin  sonlarından  başlayaraq  ölkəmizdə baş  verən  radikal  dəyişikliklər  bir çox  yaradıcı  sənətkar  kimi,  Firəngiz Əlizadənin  də  yaradıcılığında  yeni  üfüqlərin açılmasına təkan verdi.

1992-ci  ildə  bəstəkara  Türkiyə  dövləti  tərəfindən  «Boş  beşik»  baletinin  yaradılması  sifariş  olunur. Həmin  əsər  Mersin  Opera  və  Balet  Teatrının  açılışı  münasibəti  ilə  səhnəyə qoyulur və  böyük  uğur  qazanır.

Ümumiyyətlə,  Firəngiz  xanım  yaradıcılığın  bir neçə  sahəsində eyni  vaxtda   çalışan və  müxtəlif  istiqamətlərdə  də eyni  dərəcədə məsuliyyətlə çıxış edən  bir  insandır. Bəstəkarlıq  və  ifaçılıq,  pedaqoci  və  ictimai  fəaliyyət,   diricorluq  və  elmi  tədqiqat  işini bu  zərif  və  incə  qadın çox  böyük  bacarıqla  uzlaşdırır   və  bütün  bunların  öhdəsindən  məharətlə  gəlir. Onun  işgüzarlığı həqiqətən,  heyrətamizdir!  Hansı  sahədə  çalışırsa-çalışsın o,  hər zaman dəyərli, mükəmməl  işi  ilə hamını  valeh  edir.  Belə ki,   Firəngiz Əlizadənin  çoxtərəfli  fəaliyyətinin bir  sahəsi  də  onun  elmi  yaradıcılıqla  məşğul  olmasıdır. O,  daima  dövrü  və  elmi  mətbuatda  nəşr  olunan  maraqlı,  aktual  xarakterli,  dərin mənalı  məqalələri   ilə  oxucularını  sevindirir. Onun  elmi  axtarışlarının,  apardığı  elmi  araşdırmalarının  nəticəsi      1994-cü  ildə  sanballı  dissertasiya işinin müdafiəsi  ilə  nəticələnmiş  və o,   sənətşünaslıq  namizədi  elmi  dərəcəsinə,  1998-ci  ildə isə  professor  adına  layiq görülmüşdür.

1997-ci  ilədək  Mersin  Opera  və Balet Teatrında  və  Mersin  Konservatoriyasında  professor  vəzifəsində  çalışan Firəngiz  xanım  1999-cu  ildə Almaniyaya,  Berlin İncəsənət  Akademiyasının  («Akademie  der Künste») professoru  vəzifəsinə  dəvət alır. O, 2007-ci  ilə  kimi burada  bəstəkar,  pianoçu  və  diricor  kimi  fəaliyyət  göstərir. Lakin  bir  fədakar  sənətkar   kimi  onu Vətən, doğma torpaq,  milli incəsənət  özünə  sıx bağladığı  üçün  o öz   bacarığını və  istedadını bu  yolda  sərf  etməyi  üstün  tutur.  Firəngiz  Əlizadənin  Bakıya dönməsi ilə Azərbaycan  musiqi  həyatında  bir  canlanma  yaranır.   Şübhəsiz,  öz doğma Vətənində   o öz  potesial  imkanlarını daha da  həvəslə  həyata  keçirir.

Firəngiz Əlizadə  bu gün də öz yaradıcılığı  ilə  milli  mədəniyyətimizi  Azəraycanın  hüdudlarından  çox-çox  uzaqlarda  parlaq  şəkildə tanıtmaqda davam edir.  Son  illərdə     xarici  ölkələrin  musiqi  kollektivlərinin  sifarişi  ilə  yazılmış  və  ifa  olunmuş  əsərlərindən: Violonçel  üçün  «Oyan!» (Paris, Fransa, 2005), Kvintet  üçün «Xəzər» (Nyu-York, ABŞ, 2006), Fleyta,  klarnet,  skripka  və  zərb  alətləri  üçün «Atəş» (Sietl,  ABŞ, 2006), «Optical İdentity»  baleti (Sinqapur,  2007), Misteriya  «Al Kamandcaty»  (Roma,  İtaliya, 2007), Skripka  üçün  «Dastan» (Ausburq, Almaniya, 2007), Hazırlanmış fortepiano,  violonçel  və  kamera  orkestri üçün «Dəniz» (Bern, İsveçrə, 2008), «Your    name means the Sea»  operası (Hyuston, ABŞ, 2011),  Xanəndə,  flamenko ifaçısı və  ansambl  üçün «Mugflagamenco» (Amsterdam,  Hollandiya, 2011),  Skripka  və  fortepiano üçün «İmpuls» (ABŞ,  2012),  fortepiano  üçün «Landscape» (Fransa, 2012)  və s. qeyd  etmək  olar.

Firəngiz  Əlizadə  respublikanın  musiqi-ictimai  həyatında  önəmli  rolu  olan  görkəmli  musiqi  xadimidir. O, Heydər  Ədiyev  Fondunun  rəhbərliyi  ilə  keçirilən I  və  II  «Muğam  Aləmi»  Beynəlxalq  Musiqi  Festivallarının,  Azərbaycan  Bəstəkarlar  İttifaqının  layihəsi  əsasında  Şəkidə  və  Bakıda  keçirilən  I  və II  «İpək  yolu» Beynəlxalq  Musiqi  Fetivallarının  Bədii  rəhbəri  kimi,  «Üzeyir dünyası»  layihəsinin  baş  redaktoru  və koordinatoru kimi  səmərəli  fəaliyyət  göstərir.

Firəngiz  xanımın  fəal  musiqi-ictimai  fəaliyyəti Azərbaycan   dövləti  tərəfindən  yüksək  qiymətləndirilmiş  və o, Azərbaycan  Respublikasının  Əməkdar  İncəsnət  xadimi (1990),  Xalq  artisti (2000),  YUNESKO-nun   «Sülh  artisti» (2007)  fəxri adlarına, «Şöhrət»  ordeninə (2007)  və bir  sıra  mükafatlara, o cümlədən «Uğur» (2009),  «Zirvə» (2011)  mükafatlarına  layiq  görülmüşdür.

Səmimi  insan  və  zərif  yumor  hissinə  malik  olan  Firəngiz xanım həm də  güclü  mənəvi  dəyərlərə  malikdir. Onun  məhz  insani  keyfiyyətləri  respublikanın musiqi  həyatına  daha  çox gənc  istedadlı  bəstəkarların,  ifaçıların,  musiqişünasların  cəlb  olunmasına  imkan  yaradır.   Yüksək istedadlı  bəstəkar,  ifaçı,  dərin  mütəfəkkir  olan  Firəngiz  Əlizadə  həm də  maarifçi,  mücahiddir.

Mən  əminəm  ki,  onun  yaradıcılıq  potensialı  tükənməzdir. Hər  dəfə Firəngiz  xanımın çoxşaxəli   musiqi  fəaliyyətinə  nəzər  yetirdikdə   bunun  həqiqiliyinə   inanırsan. Belə  bir əlamətdar  gündə  bu tükənməz  enercinin uzunömürlü olmasını arzulayıram .

 

Rəna Məmmədova
AMEA-nın  müxbir üzvü,
sənətşünaslıq  doktoru,  professor.