Firəngiz Əlizadə – 65. Portret cizgiləri
“Azərbaycan əsrlər boyu sivilizasiyalararası dialoqun aparılmasında mühüm rol oynamışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir”. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sözlərini, tam mənada, bu günlərdə yubileyini qeyd etdiyimiz Firəngiz xanım Əlizadənin yaradıcılığına şamil etmək olar.
Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır.
Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının elə bir nəslinə mənsubdur ki, onlar bu gün zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin yetirmələri və onun ənənələrinin davamçıları kimi tanınmışlar. Müəllimin nəsihətlərini dinləmiş, onun həyata baxışlarından bəhrələnmiş, onun ideyalarının təsiri altında formalaşmış, ürək sözlərini, arzularını onunla bölüşmüş, sonradan onun dostuna, silahdaşına, sirdaşına çevrilmiş, müstəqil yaradıcılığı, fərdi dəst-xətti ilə tanındıqdan, fəxri adlar, mükafatlar qazandıqdan sonra da Qara Qarayevin tələbəsi adını fəxrlə daşıyan bəstəkarlar nəslinin layiqli təmsilçilərindən biri olan Firəngiz Əlizadənin yaradıcılığı bunun bariz sübutudur.
F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Firəngiz xanım öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri, mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyanın ən adlı-sanlı musiqi ifaçılarının repertuarını bəzəyir. F.Əlizadə bir sıra xarici ölkələrdə “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür. Minlərlə ən müxtəlif millətlərdən olan insanların qəlbini fəth edən F.Əlizadənin əsərləri, sözün əsil mənasında, dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.
F.Əlizadənin tərcümeyi-halından və yaradıcılığından danışdıqda, ilk növbədə, onun necə çoxşaxəli, çoxcəhətli, çoxlaylı olmasını qeyd etməliyik: həm fəaliyyət dairəsi, həm mövzu, həm də janr baxımından. Əlbəttə ki, onun bir bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, musiqi-ictimai xadim kimi fəaliyyət sahələrini ayrı-ayrılıqda da səciyyələndirə bilərik və hər bir sahə haqqında olduqca geniş danışmaq olar. Lakin bütün bunlar Firəngiz xanımın yaradıcılığında dərin bir vəhdətdə özünü göstərir və bu baxımdan bütün bu sahələrin qarşılıqlı çarpazlaşması gözümüz önündə yaradıcı şəxsiyyətin simasını canlandırır.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar və pianoçu ixtisasları üzrə təhsil almış (1965-1974) F.Əlizadə sənətdə ilk addımlarından özünü geniş maraq dairəsinə və orijinal dəst-xəttə, yüksək professional və intellektual səviyyəyə malik bəstəkar kimi tanıtmağa nail olmuşdur. Daim yaradıcılıq axtarışında olan bəstəkarın əsərləri özünəməxsus üslub keyfiyyətləri, musiqi dilinin xüsusiyyətləri, kompozisiya quruluşu və ifaçılıq tərkibinin rəngarəngliyi ilə diqqəti cəlb edir.
Bir pianoçu kimi o, XX əsr xarici ölkə bəstəkarlarının — A.Berq, P.Hindemit və digər müasir bəstəkarların yaradıcılığının ölkəmizdə tanıdılmasında mühüm rol oynamış, bir çox Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin ilk ifaçısı olmuşdur. Çox zaman öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir.
F.Əlizadənin musiqişünaslıq fəaliyyəti də diqqətəlayiqdir. Belə ki, onun “Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestr üslubları” mövzusunda müdafiə etdiyi dissertasiyası, “Qara Qarayev”, “Azərbaycan bəstəkarlarının orkestr üslubu” kitabları, elmi nəşrlərdə və dövrü mətbuatdakı çoxsaylı məqalələri bunu dəyərləndirməyə imkan verir. Musiqidə baş verən proseslərlə bağlı müstəqil mühakimələri, dünya musiqisinin tarixinə və müasir cərəyanlarına dair geniş biliyi, dərin təhlil və ümumiləşdirmə bacarığı, Azərbaycan musiqisinin ümumbəşəri mahiyyətini önə çəkməsi və onu dünya musiqi xəzinəsində layiqli yer tutan incilər sırasında təbliğ etməsi F.Əlizadəni bir musiqişünas kimi səciyyələndirən cəhətlər olub, onun alim kimi yetkinliyini göstərir.
Bu baxımdan onun pedaqoji fəaliyyətini də qeyd etmək yerinə düşər. F.Əlizadənin Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyasında) çalışdığı dövrdə (1974-1992) onun mühazirələrini bizim nəslin musiqişünas və bəstəkarları yaxşı xatırlayır. Onu da deyək ki, məhz həmin vaxtlarda F.Əlizadənin təşəbbüsü ilə onun dərs dediyi “Musiqi tarixi” kafedrasında “Müasir musiqi üzrə seminarlar”, “Orkestr üslubları tarixi” kimi yeni fənnlər yaradılmışdır. F.Əlizadə ilk dəfə olaraq, bu fənnləri tədris etmiş, həmin fənnlər üzrə proqramlar və metodik vəsaitlər tərtib etmişdir ki, bu da onun musiqişünaslıq və pedaqoji fəaliyyətinin bəhrələridir.
Hətta xarici ölkələrdə — Türkiyədə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında, Almaniyada Berlin İncəsənət Akademiyasının (“Akademie der Künste”) professoru olaraq çalışdığı zamanlarda da o, bəstəkar, pianoçu, dirijor və pedaqoq kimi səmərəli fəaliyyət göstərmişdir. Əsərlərinin ifası üçün dəvət olunduğu digər ölkələrdə də (ABŞ, Fransa, İtaliya, İsveçrə və b.) onun ustad dərsləri böyük maraqla qarşılanır.
F.Əlizadənin yaradıcılığında müraciət etdiri mövzu və janrlara gəlincə, bir daha onların geniş əhatə dairəsini vurğulamaq istərdim. Bəlkə də burada bütün əsərləri sadalasam, geniş bir siyahı alınar. Lakin elə onu demək kifayətdir ki, F.Əlizadə öz yaradıcılığında musiqinin bütün janrlarından (opera, balet, simfonik, kamera-instrumental və s.) istifadə edərək, maraqlı əsərlər bəstələmişdir. Bu baxımdan, onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” — müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, “Mərsiyə” — violonçel və orkestr üçün Konsert, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlərinin adını çəkmək istərdik.
Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violoçel üçün “Oyan!” (Paris, Fransa, 2005), Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Ausburq, Almaniya, 2007), hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar.
İlk baxışdan bütün bu əsərlərin adı, mövzusu, ifaçı tərkibi və janr cizgiləri onların orijinallığı haqqında fikir yürütməyə imkan verir. Burada qırmızı xətlə keçən bir cəhət – Şərq və Qərb musiqi ənənələrinin, üslublarının, mövzuların, ifaçılıq xüsusiyyətlərinin qovuşdurulmasından yaranan ecazkar sənət dünyasının təzahürləri aydın şəkildə özünü büruzə verir. Bu da bir tərəfdən, F.Əlizadənin bəstəkar kimi təxəyyülünün zənginliyini, maraq dairəsinin genişliyini, digər tərəfdən, onun təmsil etdiyi Azərbaycan bəstəkarlıq məktəbinin Şərq-Qərb mədəniyyətinin qovşağında yarandığını sübut edir.
F.Əlizadənin əsərlərində muğamın və müasir musiqinin sintezi olduqca qabarıqdır və bu, onun yaradıcılıq üslubunun aparıcı xəttinə çevrilmişdir. Bu da təsadüfi deyil, çünki muğam hər bir azərbaycanlının qan yaddaşı ilə əxz etdiyi musiqidir, böyük bir fəlsəfi aləmdir. Bu aləmə çoxları daxil olur, ondan bəhrələnir, zövq alır, daxilən zənginləşir. Lakin seçmə insanlar var ki, muğamı öz təfəkkür süzgəcindən keçirərək, onu daha geniş bir müstəviyə çıxarır, məkan və zaman məfhumunu aşaraq, yaradıcı təxəyyülünün gücü ilə daha yüksəklərə qaldırır. Öz sələflərinin – Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və b. ənənələrinə əsaslanan Firəngiz Əlizadənin yaradıcılığında məhz bu yol öz təzahürünü tapır.
Firəngiz xanımın əsərlərinin ifaçılıq coğrafiyası da diqqəti çəkən məqamlardandır və bu baxımdan da Şərqdən – Qərbə geniş bir məkanı əhatə edir. Onun əsərlərini dünyanın ən adlı-sanlı musiqiçiləri — Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri — “Kronos-Quartet”, “Collegium Novum”, “Continuum” və b. ifa edirlər. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçilərinin – Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və b. da adlarını əlavə etmək istərdik. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsinindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz Qərb və Şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir. Bu da qeyri-adi bir musiqi aləmini gözümüz qarşısında canlandırır, eyni zamanda, müxtəlif millətlərdən olan dinləyicilərin diqqətini cəlb edir, zövqünü oxşayır.
Onun əsərlərinin xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq musiqi festivallarının və ifaçılıq müsabiqələrin daimi proqramına daxil olunması, bundan əlavə, onun əsərlərinin ən yaxşı ifası üçün xüsusi mükafatın təsis olunması, xarici ölkələrdə onun əsərlərindən ibarət musiqi festivallarının keçirilməsi, dünyanın ən məşhur ifaçıları tərəfindən ona əsərlərin sifariş olunması, xarici nəşriyyatlar tərəfindən əsərlərinin nəşri, haqqında kitabların nəşr olunması (o cümlədən, ensiklopediyalarda məlumatlar, bukletlər, albomlar, məqalələr və s.) Firəngiz Əlizadənin bir bəstəkar kimi nüfuzunun bariz sübutudur.
Məsələn, “Oyan” əsəri Parisdə keçirilən M.Rostropoviç adına violonçelçalanların müsabiqəsinin mütləq proqramına daxil olunmuşdur; Nəsiminin sözlərinə yazdığı “Dərviş” əsəri amerikalı violonçelçalan Yo-Yo Manın rəhbərlik etdiyi beynəlxalq tərkibli orkestrin ifasında “İpək yolu” layihəsi çərçivəsində bütün dünyanı dolaşaraq, ən yaxşı əsər kimi dəyərləndirilmişdir.
1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunmuş və həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulmuşdur.
Çox maraqlı bir fakta da diqqəti yönəltmək istərdim. Amerikanın San Fransiskodan olan məşhur “Kronos” kvartetinin ifasında F.Əlizadənin “Muğamsayağı” əsəri 1993-2000-ci illər ərzində dünyanın ən müxtəlif ölkələrində, demək olar ki, bütün qitələrdə 140 dəfə səsləndirilmiş, dinləyicilərin sayı isə bir milyonu ötmüşdür. Əsərin ifaçılıq tarixi və coğrafiyası ilə bağlı tərtib olunmuş cədvəldə bu faktlar öz əksini tapmışdır (bu materiallarla “Франгиз Ализаде. Пересечения Запада и Востока” (Баку, 2009) kitabında tanış ola bilərsiniz).
Firəngiz xanımın yaradıcılıq tərcümeyi-halında belə faktlar çoxdur.
Bu cəhət onun əsərlərinin mövzu palitrasına da sirayət etmişdir. F.Əlizadə öz əsərlərində daim ümumbəşəri mövzulara toxunur, onları müasir dövrə uyğun təfsir etməklə, insanların diqqətini ən qlobal problemlərə yönəldə bilir. Eyni zamanda, F.Əlizadə üçün Azərbaycan, vətənin tərənnümü, müasirlərinin duyğularının təcəssümü ön planda durur. Bu baxımdan, əlbəttə ki, Firəngiz Əlizadənin filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasında yazdığı “İntizar” operası xüsusi əhəmiyyətə malikdir və yaradıcı heyətin həmrəyliyi sayəsində ərsəyə gəlmiş yüksək bədii keyfiyyətlərə malik müasir bir əsər kimi təqdirəlayiqdir.
Azərbaycan tariхi ilə bağlı оlan bu opеranın «İntizar» adlandırılması əsərin əsas idеyasının – Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümü olub, Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir. Bu mənada, opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir.
“İntizar” operasının timsalında Azərbaycan musiqisində, bilavasitə оpеra sənətində Qarabağ mövzusu ilə bağlı müəyyən cəhətlərin, bədii ifadə vasitələrinin, оbrazlar sistеminin fоrmalaşmasının şahidi оluruq. Bu baхımdan, baş vеrən hadisələrin kоnkrеt məkanla bağlılığı, хalq və düşmən оbrazlarının qarşıdurması, хalq səhnələrinin təsvirində şifahi ənənəli musiqi yaradıcılığı nümunələrinə müraciət və düşmən оbrazının özünəməхsus ümumiləşmiş simada təmsil оlunması qеyd оluna bilər.
“İntizar” operası 2007-ci ildə ilk dəfə Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaya qoyulmuşdur, bu da təsadüfi olmamışdır, çünki bu əsərin ilhamvericisi məhz M.Rostropoviç olmuş, Nərgiz xanıma və Firəngiz xanıma vətənpərvərlik mövzusunda böyük opera əsəri yazmağı təklif etmiş və ona dirijor etmək arzusunda olduğunu bildirmişdir. Lakin bu iş ona qismət olmasa da, “İntizar” operası məhz onun adını daşıyan festival çərçivəsində reallaşdı və beynəlxalq miqyasda böyük rezonans doğurdu.
İkinci dəfə opera konsert ifasında 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında nümayiş etdirildi. Operanın üçüncü quruluşu isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildə həyata keçirilmişdir. Beynəlxalq bədii heyət tərəfindən hazırlanmış yeni quruluş müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanır. Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdir. Obrazların təfsirində ənənəvi vasitələrlə yanaşı, müasir səhnə plastikası və xoreoqrafiyanın imkanlarından geniş istifadə olunmuşdur ki, bu da dramaturji inkişafa dinamiklik aşılamışdır.
Həmin tamaşa, sözün əsil mənasında, musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrilmiş, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sonuncu quruluşda əsər Azərbaycan Televiziyası tərəfindən film-opera kimi lentə alınmış, bir neçə dəfə AzTV və “Mədəniyyət” kanallarında nümayiş etdirilmişdir. 2012-ci ilin fevral ayında Xocalı faciəsi günlərində göstərilən bu film-opera xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi səslənmişdir.
Əlbəttə ki, yaradıcılıq sahələri ilə yanaşı, Firəngiz Əlizadənin musiqi-ictimai fəaliyyətindən də ayrıca danışmağa dəyər. Belə ki, o, respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan F.Əlizadə 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.
Onu da demək istərdim ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olmuşlar. Onlar həmişə bu təşkilata inzibati təşkilat kimi deyil, məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik etmişlər.
Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının İdarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatlanmasında, püxtələşməsində və indiki səviyyəyə gəlib çatmasında rəhbərliklə yanaşı, ittifaqın üzvü olan bütün bəstəkar və musiqişünaslarımızın, sözün əsl mənasında, misilsiz əməyi qeyd olunmalıdır.
Bu gün Firəngiz Əlizadənin başçılıq etdiyi musiqiçilərimizin ən nüfuzlu təşkilatı olan, möhkəm ənənələrə və zəngin tarixə malik Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlarımızın dəyərli əsərləri Azərbaycan Bəstəkarlar İttifaqının xəttilə festivallarda, plenumlarda, baxışlarda, teleradioda səsləndirilir, onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqimiz yeni töhfələrlə zənginləşir. Musiqişünaslarımızın elmi yaradıcılığında musiqinin, etnomusiqişünaslığın ən aktual problemləri öyrənilir, musiqi elminin üfüqlərini genişləndirən yeni sanballı tədqiqat əsərləri meydana gəlir.
Respublikamızın bəstəkar və musiqişünaslarını öz ətrafında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı həqiqətən də böyük bir ailəni xatırladır. Burada hökm sürən qarşılıqlı anlaşma şəraiti, sözün əsl mənasında, yaradıcılıq mühiti təqdirəlayiqdir. Hiss edirsən ki, səni dinləyə bilən, sənə dayaq olmağa hazır olan şəxslərlə əhatə olunmusan. Bu, çox böyük bir stimuldur və sözsüz ki, insanı yaradıcılığa, elmi fəaliyyətə ruhlandırır.
Firəngiz Əlizadənin ictimai sahədəki xidmətlərindən danışarkən, qeyd etmək vacibdir ki, o, bir sıra beynəlxalq miqyaslı layihələrin iştirakçısıdır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I və II “Muğam Aləmi” Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri, “Üzeyir dünyası” layihələrinin baş redaktorudur və bütün bu istiqamətlərdə onun həyata keçirdiyi işlər – konsert proqramlarının və elmi simpoziumların təşkili, nəşrlərin hazırlanması və s. dəyərlidir.
Eyni zamanda, “İpək yolu” Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etmək istərdim. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən və artıq ənənəvi olan “İpək yolu” Beynəlxalq Musiqi Festivalını, sözün əsl mənasında, Firəngiz xanım Əlizadənin yaradıcı təxəyyülünün və məqsədyönlü fəaliyyətinin məhsulu hesab etmək olar. Firəngiz xanım bu festivalın ideya rəhbəri, ilhamvericisi, təşkilatçısı, iştirakçısıdır və şübhəsiz ki, beynəlxalq miqyaslı bu tədbirin baş tutmasında onun özünün ad-sanı, nüfuzu, dünyanın müxtəlif xalqlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri ilə ünsiyyət qurmaq bacarığı mühüm rol oynayır.
“İpək yolu” Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə Şəkidə, 2011-ci ildə Bakıda keçirilmiş və beynəlxalq mətbuatda geniş rezonans doğurmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Coğrafi və geosiyasi mövqeyinə görə dünya xəritəsində özünəməxsus yer tutan Azərbaycanın mədəniyyəti milli və ümumbəşəri dəyərləri özündə üzvi şəkildə birləşdirərək mədəniyyətlər arasında dialoq üçün münbit zəmin yaradır”. Həqiqətən də 2000 il ərzində Qərblə Şərqi birləşdirən tarixi “Böyük İpək yolu” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malik idi və müasir dövrdə də rəmzi mənada, mədəniyyətlərarası dialoq vasitəsinə çevrilmişdir. Bu adla həyata keçirilən festival bunun bariz nümunəsi olub, məhz Şərqlə-Qərb arasında “mədəniyyət körpüsü” missiyasını yerinə yetirir.
Dünyanın bir çox ölkələrindən bu festivala dəvət alan musiqiçilərin Azərbaycan musiqi xadimləri ilə görüşləri, birgə konsert proqramları Şərq-Qərb kontekstində musiqi mədəniyyətinin rəngarəng bir mənzərəsini gözümüz qarşısında canlandırır. Şifahi ənənəli xalq və professional musiqi yaradıcılığından nümunələr: muğamlar və raqalar, folklor və orta əsrlərin mərasim musiqisi; klassik və müasir Avropa və Azərbaycan bəstəkarlarının yaradıcılığı; müxtəlif musiqi janrlarına – opera, kamera-instrumental, vokal, xor musiqisinə aid əsərlər; bütün bu zəngin musiqi irsini məhz tarixi məkanlarda bizə təqdim edən ifaçıların, musiqi kollektivlərinin bənzərsiz ifaçılıq tərzi, rəngarəng təfsirləri; müxtəlif incəsənət növlərinin qovşağında qurulmuş layihələr, musiqi, poeziya və rəssamlığın, zaman və məkan məfhumlarının, qədim və modern formaların ecazkar vəhdəti bu festivalın fərqləndirici xüsusiyyətidir.
“İpək yolu” ənənəvi beynəlxalq musiqi festivalı sərhədlərini ilbəil genişləndirir, artıq üçüncü festivala hazırlıq gedir. İnanırıq ki, “İpək yolu”nun Azərbaycandan gəlib keçən “karvan”ları çox olacaq və bu yolda festivalın təşkilatçılarının böyük əməyi və nailiyyətləri alqışlanmalıdır.
Firəngiz Əlizadə daim yaradıcılıq axtarışlarında, daim mədəniyyət hadisələrinin gur cərəyanındadır, layihələr üzərində çalışır, yaratdığı əsərlərin məşqlərini keçirir, maarifçilik missiyasını, ictimai vəzifələrini davam etdirir ki, bütün bunların nəticəsi olaraq, bizi yeni sənət uğurları ilə sevindirir. Biz Firəngiz xanıma gənclik təravəti ilə aşılanmış bitib-tükənməz sənətkarlıq qüvvəsi, can sağlığı və musiqi mədəniyyətimizin tərəqqisi yolunda yeni nailiyyətlər arzulayırıq.
Cəmilə Həsənova