Dünya şöhrətli iftixarımız
Azərbaycan mədəniyyət tarixini öz şərəfli əməlləri ilə nurlandıran yüzlərcə parlaq şəxsiyyətlər olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bu günkü nəslə örnək olmalıdır. Bu tarixi şəxsiyyətlərin arasında qəhrəman qadınlarımızın da sayı az deyildir. Onların arasında Azərbaycan, eləcə də dünya musiqi sənətinin inkişafında mühüm rol oynamış böyük bəstəkarlarımızdan olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin adını xüsusi qeyd etmək lazımdır. Müasir simfonik musiqinin görkəmli bəstəkarlarından olan F.Əlizadə yaradıcılığı boyu müxtəlif canrlarda mükəmməl əsərlərin altına imzasını atmış və Azərbaycan milli musiqi ənənələri ilə dünya musiqi mədəniyyətinin nailiyyətlərini üzvi şəkildə birləşdirərək, Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli belə söyləmişdir: «Hər bir millətin təkamül və yaxud inqilab təriqiilə, tərəqqi və təməddününə səbəb o millətin başında duran rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrin olması tarixi bir həqiqətdir. Bizim hər bir fərdimiz öz tərəqqisi üçün bir rəhbərə möhtac olduğunu hiss edir».
XX əsr incəsənətində qeyri — adi təfəkkür tərzinin formalaşdığı və bir çox musiqi cərəyanlarının yarandığı bir dövrdə F.Əlizadə kimi bəstəkarın yetişməsinə böyük ehtyac duyulurdu. Firəngiz xanımın bəstəkarlığa gəlişi də təsadüfi olmamışdır. 1970-ci ildə Bakı Musiqi Konservatoriyasını fortepiano ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirən F.Əlizadə həm də Azərbaycanda XX əsr avanqard musiqi klassiklərinin əsərlərinin ilk ifaçısı kimi öz adını musiqi tariximizin salmanəsinə qızıl hərflərlə yazır.
F. Əlizadə bir çox müasir musiqi festivallarında iştirak etmişdir (İtaliya, İsveç, Qərbi Berlin, Meksika, ABŞ, İngiltərə, Hollandiya). XX əsr bəstəkarlarından A.Şönberq, A.Berq, O.Messian, C.C.Keyc, A.Şnitke, S.Qubaydulina, E.Denisov, V.Silvestrov və s. mürəkkəbliyi ilə fərqlənən əsərlərini və həmçinin öz əsərlərini pianoçu kimi böyük ustalıqla ifa edir.
Eyni zamanda 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasınn bəstəkarlıq fakultəsini Q.Qarayevin sinfində Fərqlənmə diplomu ilə bitirən bəstəkar bir çox müxtəlif canrlı əsərlərin, Fortepiano sonatasının (1970), fortepiano ilə orkestr üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), «Vətən haqqında nəğmələr» oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün «Habilsayağı» (1979), orqan üçün fantaziya (1982), «Ağ atlı haqqında əfsanə» rok-operası (1985), «Üç akvarel» vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün «Dilogiya-I» (1988), «Dilogiya-II» (1989), «Boş beşik» (1993) baletinin, «Dərviş» (Nəsiminin sözlərinə, 2000) əsəri, bütün dünyaya səs salan, mürəkkəb bir fəlsəfi məzmuna malik «İntizar» operası (2007), kinofilmlərə musiqi və s.-nin müəllifidir. Lakin bununla da onun yaradıcılıq potensialı tükənmir.
1976 ildən etibarən Bakı Konservatoriyasında, 1993-1996-cı illərdə Türkiyənin Mersin şəhərindəki konservatoriyada və 1999-cu ildən etibarən Almaniyada işləmiş, bütün bu çətinliklərə üstün gələrək öz dəsti xəttini yaratmış və beynəlxalq aləmdə səslənməsinə layiq olduğunu təsdiq etmişdir. Doğma Azərbaycanımızın mədəni həyatında əhəmiyyətli rol oynayan F.Əlizadə yaradıcılıq işi ilə yanaşı ictimai fəaliyyətə də böyük diqqət verir. 2007-ci ildə ona daha bir məsul ictimai iş — Azərbaycan Bəstəkarlar İttifaqına həmkarları tərəfindən sədr vəzifəsinə seçildi. Bu musiqi incəsənətinin ocağı olan, özündə dahi bəstəkarlarımızın ruhlarını bəsləyən təşkilata rəhbərlik etmək kimi məsuliyyətli işi F.Əlizadə öz üzərinə götürmüş və bunun necə öhdəsindən gəldiyini Azərbaycan Bəstəkarlar İttifaqının indiki rifahı əsasında söyləmək olar. F.Əlizadə məsuliyyətini gözəl dərk edirdi. Lakin yenə də bu çətinliklərlə üz-üzə qoyularaq bəstəkar bir daha özünü məhsuldar musiqi xadimi kimi göstərmişdir.
Beləki F.Əlizadə istedadlı gənc bəstəkarların Azərbaycan musiqi incəsənətinin gələcəyi olduğunu dərk edərək, onların təkmilləşdirilməsi yolunda böyük səylə çalışır və bu sahədə daha böyük nailiyyətlər əldə etmələri üçün şərait yaradır. Digər tərəfdən həyatını Azərbaycan incəsənətinin inkişafına həsr etmiş yaşlı nəsil bəstəkarlarının yubiley tədbirlərinin keçirilməsi, onların Azərbaycan incəsənətindəki xidmətlərinin qiymətləndirilməsidir. Məhz belə yubiley tədbirlərinin keçirilməsi sənətkarlarda ruh yüksəkliyi yaradır və fəaliyyətlərinə yeni təkan verir.
Başda F.Əlizadə olmaqla, Bəstəkarlar İttifaqının üzvləri həm ölkə daxilində, həm də xaricdə keçirilən bir çox tədbirlərdə, simpoziumlarda, forumlarda, radio və televiziya verilişlərində geniş fəaliyyət göstərmişlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Şərq xalqlarının musiqi təfəkkür tərzi olan Muğam sənətinə verdiyi töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir. Beləki F.Əlizadənin bədii rəhbəri olduğu «Muğam Aləmi» adlı I və II beynəlxalq muğam festivalları bunun bariz nümunələridir. Bundan başqa YUNESKO səviyyəsində keçirilən simpoziumlar bir daha musiqi ictimaiyyətinin diqqətini məzh Muğam sənətinə cəmləşdirmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına salonunda keçirilən bir çox konsertlər gənc nəslin musiqi-estetik tərbiyəsinin düzgün formalaşmasında xüsusən qeyd olunmalıdır. Məhz belə konsertlərin keçirilməsi mədəni əlaqələrin genişlənməsinə zəmin yaradır. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə keçirilən onlarla elmi-praktik konfranslar da xüsusi əhəmiyyət kəsb edir.
Bu qısa bir müddətli dövrü cəsarətlə Azərbaycan Bəstəkarlar İttifaqının intibahı dövrü adlandırmaq olar.
Firəngiz xanımın bir çox beynəlxalq münsiflər Heyətlərində, o cümlədən Avstriyanın Zalzburq şəhərində keçirilən X Beynəlxalq V.A.Motzart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü kimi iştirak etməsi də fərəhləndirici haldır.
Bütün bu nailiyyətlərin nəticəsi kimi, Firəngiz Əlizadə beynəlxalq aləmdə mədəni əlaqələrin inkişaf etdirilməsi naminə musiqi incəsənəti sahəsindəki xidmətlərinə görə, 2007-ci ildə YUNESKO-nun qərarı ilə «Dünya artisti» kimi fəxri titula layiq görülmüşdür. Sevindirici haldır ki, F.Əlizadənin möhtəşəm uğurları siyahısına bu günlərdə daha bir mükafat da əlavə edilmişdir. Hörmətli bəstəkarımız ölkəmizin ən yüksək mükafatlarından olan 2011-ci ilin «Zirvə» mükafatına layiq görülmüşdür.
Yalnız böyük arzularla yaşayan insan xarüqələr yarada bilər. Bu da Vətən sevgisi, xalqına olan məhəbbətindən irəli gəlir. Hörmətli sənətkarımız Firəngiz Əlizadənin yaradıcılığı bu amillərdə ehtiva olunur. Əminəm ki, bu tükənməyən zəngin yaradıcılığa yeni-yeni səhifələr əlavə olunaraq gələcək nəsil üçün bir örnəyə çevriləcəkdir.
Lətifəxanım Əliyeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru