Bura Şəkidir, Şəkidir, gözəl Şəkidir

Doğrudan da bir məşhur mahnının sözlərində deyildiyi kimi Şəkinin gözəlliyini vəsf etməklə bitməyən, Azərbaycanımızın dilbər guşəsi olan bu tarixi məkan, son illər dünya musiqi arenasına çıxaraq, nüfuzlu bir festivala ev sahibliyi edir. Artıq üçüncü ildir ki,  məşhur “ İpək yolu” beynəlxalq musiqi festivalı qədim Şəki şəhərində keçirilir.

Bir zamanlar “ Yumor” şəhəri kimi tanınan Şəki indi Şərq və Qərbi birləşdirən musiqi beşiyinə çevrilib. Dünyanın bir çox ölkələrinin kollektivləri burada görüşürlər.

Hər kəsə məlumdur ki, “İpək yolu” musiqi festivalının təşəbbüskarı və ilk təşkilatçısı Azərbaycan  Bəstəkarlar İttifaqı və onun sədri  Azərbaycanın xalq artisti F.X.Əlizadə olmuşdur. Bu ideya ortaya atılanda artıq məşhur Beynəlxalq Qəbələ musiqi festivalı fəaliyyət göstərirdi. Qəbələdən sonra II belə bir festivalın keçirilməsi nə qədər məqsədəuyğun, ictimaiyyətin marağına səbəb ola bilərdi? Əlbətdə bu suallar təşkilatçıları düşündürməyə bilməzdi. İşi elə qurmaq lazım idi ki, bir festival o birini təkrar etməsin. Əgər Qəbələ klassik musiqini təbliğ edirsə “İpək yolu” klassik musiqi ilə bərabər ənənəvi musiqini dinləyiciyə çatdırmalıydı. Lakin hər zamankı kimi çətinliklərdən çəkinməyən, ciddi musiqi sahəsində xalqın maariflənməsini düşünən  Firəngiz xanım verdiyi təklifindən geri dönməyərək sözünün üstündə durmağı qərara aldı. İlk iki festivalı təkbaşına Bəstəkarlar İttifaqının İmkanları əsasında keçirməyə nail oldu. I festival Şəkidə, II İçəri şəhərin qəfim abidələri arasında, açıq havada baş tutdu. Nəhayət III festival artıq Mədəniyyət və Turizm Naziriyi və Şəki şəhər İcra hakimiyətinin dəstəyi ilə öz işinı başlaya bildi.

İlk festivaldan başlayaraq bu fikrin nə qədər doğru-düzgün olduğu özünü göstərdi. Xalqın konsertlərə həvəslə gəlməsi bunu birdaha sübut etdi.

Hər kəs bilir ki, Şəkidə bir çox bölgələri birləşdirən Şəki musiqi kolleci fəaliyyət göstərir və bu bölgələrdən musiqi kollecində təhsil alan tələbələr var. Elə ilk növbədə musiqi kollecinin mərkəzə , Bakıya  gəlib musiqi  kollektivlərinin konsertlərini dinləməyə hər zaman imkanları olmur.  Beynəlxalq “ İpək yolu” festivalı isə bu kollektivləri zəngin musiqi  proqramları ilə onların ayağına gətirir, musiqi maarifçiliyi ilə məşğul olur. Görkəmli sənətkarların “ustad dərsləri”  ( master klass) Şəki musiqi kollecində həyata keçirilir. Bu ilki festivalda kollec tələbələriylə ustad dərsi Cabbar Qaryağdı adına muğam üçlüyünün solistləri olan  Azərbaycanın Xalq artistləri  Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) aparırdılar. Bu üçlüyün konsertini isə mən ayrıca qeyd etmək istərdim. Konsertdə Respublikanın xalq artisti Mələk Xanım Əyyubovanın ifa etdiyi muğam və təsniflər böyük alqışlara səbəb oldu. Hər zamanki kimi muğamlarımız xarici qonaqları valeh etmışdi. Mələk Xanım Əyyubovanın da musiqi kollecinin muğam ifaçıları ilə ustad dərsləri keçdi.

Qeyd etmək lazımdır ki, kollecin kollektivi də hər festivala ciddi hazırlaşır, konsert proqramı ilə qonaqlar qarşısında çıxışlar edirlər. Eyni zamanda festival iştirakçılkarı ilə birlikdə səhnəni bölüşürlər. Elə ilk “İpək yolu” festivalında Şəki musiqi kollecində görüşdə olan Firəngiz xanım Əlizadə kollecdə alət çatışmazlığının olduğunu biləndə, kollektivə öz şəxsi royalını hədiyyə etmişdir.

Şəki şəhərində keçirilən bu ilki “ İpək yolu” festivalının xüsusi əhəmiyyəti var idi. Çünki Şəki şəhəri 2012-ci il TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilmişdir. Eyni zamanda 2012-ci ildə Azərbaycan və dünya memarlığının möhtəşəm abidələrindən olan “Şəki Xan Sarayı”nın 250 illik yubileyi qeyd olunurdu və həmin hadisə də məhz festival günlərinə təsadüf etmişdir. Festival tədbirlərinin Şəkinin tarixi məkanlarında, Xan Sarayı, Karvansaray və Cənnət bağında açıq havada, təbiətin qoynunda keçirilməsi, musiqinin ecazkarlığını bir daha artırırdı.

Əlbəttə ki, III “ İpək yolu”Şəki festivalı 30 iyunda Ü. Hacıbəyli musiqisi ilə öz açılışını etdi. Bəstəkarın dahı “Arşın mal alan” operettasının maraqlı musiqili hekayəti “Arşın malçı İpək yolunda” adlanırdı.Əsəri  Opera və Balet teatrının kollektivi, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs  ansambl habelə Xalq çalğı alətləri orkestri hazırlamışdı. Şəki Xan Sarayının həyətində, açıq havada, geniş tamaşaçı qarşısında cərəyan edən hadisələr dinləyicini sanki həmin hadisələrin içində olaraq  onun bilavasitə iştirakçısına çevirmişdi. Bundan başqa, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru, Niyazi adına Simfonik orkestrinin konsertləri ilə yanaşı xaricdən gələn bir sıra kollektivlərin də bu festivaldakı çıxışları təqdirə layiq olmuşdur. “ Buyogun Cungman”- Cənubi Koreyanın milli alətlər ansamblının çıxışında, ölkəmizdə fəaliyyət göstərən Cənubi Koreya səfirliyinin işçiləri və səfirin özü də həmin konserti dinləməyə Şəkiyə gəlmişdilər. Daha sonra dünyada məşhur olan Türkiyənin “Əl-Kindi” instrumental ansamblı da festivalın qonağı idi. Ansambl orta əsrlərdə yaşayıb yaratmış ərəb-müsəlman musiqi nəzəriyyəçisi, filosof, astronom, riyaziyyatçı olan Əbu Yusif əl-Kindi şərəfinə belə adlandırılmışdır. Ansamblın çıxışlarında zikr mühüm ifa elementini təşkil edir. Şərq mistik musiqisi Sufi dərviş rituallarını müşayiət edən musiqi ansamblın repertuarında genış yer almışdır. Maraqlıdır ki, ansamblın rəhbəri fransız əsilli Jülyen Vayss türk musiqiçilərini başına toplayıb bu kollektivi yaratmışdır.

İldən-ilə festivalın coğrafi məkanınını genişlənməsi bir daha onu göstərir ki, bu tədbir artıq xarici ölkələrin  musiqiçilərini də özünə cəlb edə bilmişdir.

Konsert proqramlarına gəlincə İranın “Acəmilər” ansamblını da xüsusilə qeyd etmək istərdim. Əsasən tərkibi gənc musiqiçilərdən ibarət olan bu ansambl, XIV- XV əsrlərdə yaranmış qədim musiqini müasir Fars klassik musiqisinə inteqrasiya etməyə can atır. “Acəmilər” — yəni İran musiqiçiləri Səfəvi dövrünün üslubunu Osmanlıya gətirən sənətkarlar idi. İndi isə Müasir zamanda Araş Mohafezin rəhbərliyi altında çıxış edən bu kollektiv, bir daha saray musiqisini dinləyicilərə təqdim etdilər.

Şəki şəhəri ,Türkiyənin Giresun şəhəriylə qardaşlaşmış şəhərlərdəndir. Hər iki şəhər arasında çox səmimi, işgüzar münasibətlər hökm sürür və “ İpək yolu” festivalının musiqiıi qonaqları arasında Girəsun şəhər bələdiyyəsi Konservatoriyasının “Rəqs qrupu” da dəvətli idilər. Tələbələrin konserti, Qara dəniz rəqsləri əlbəttə ki, festivala rəngarənglik gətirməyə bilməzdi.

Ən maraqlı konsertlərdən biri Gürcüstanın məşhur “Erisioni” folklor mahnı və rəqs ansambllının çıxışı oldu. Bu konsert yenicə bərpa və təmir olunmuş Aşağı Karvansarayda keçirildi. Kollektivin çıxışı üçün çox möhtəşəm, müasir texnikayla təmin olunmnuş açıq hava konsert səhnəsi quraşdırılmış idi. Aşağı Karvansaray Şəkinin digər makanları kimi xalqın milli sərvətidir. Əlbəttə ki, belə bir səhnədə və belə bir məkanda çıxış etmək onsuzda dünyada məşhur olan kollektivi bir daha vəcdə gətirmişdi. Həmin gün konsert, görünməmiş müvəffəqiyyətlə dinləyicilər tərəfindən qarşılandı.

Nəhayət festivalın son günü yenə də həmin səhnədə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestrinin möhtəşəm konserti ilə III “İpək yolu” beynəlxalq musiqi festivalı öz işini yekunlaşdırdı.

Mən bir az da təşkilati məsələlərə toxunmaq istərdim. Əlbətdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun festivalın təşkilində, keçirilməsində danılmaz əməyini xüsusi ilə qeyd etmək istərdim. Onun bütün tədbirlərdə iştirakı, qayğısı hər yerdə hiss olunurdu. Şəki camaatının qonaqpərvərliyi festivala öz rəngarəngliyini qatırdı.

Unutmaq olmaz ki, “İpək yolu” beynəlxalq musiqi festivalı festivalı ölkəmizin mədəni həyatında olduqca əhəmiyyətli bir hadisədir və bu festivalın hər il keçirilməsi ümidiylə gələn görüşlərədək deyirik.

 

Həcər  BABAYEVA