Azərbaycan-Ukrayna musiqi əlaqələrinin yeni mərhələsi
Xalqımızın həyatına bayramlar ayı kimi daxil olan mart ayının artıq ilk günləri Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar oldu.
2012-ci il 1-4 mart tarixində Azərbaycanda Ukrayna yeni musiqi günləri keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu musiqi bayramının özünəməxsus mənası vardır. Bu festival 20 illik müstəqillik dövründə Ukrayna bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişinə həsr olunmuşdur ki, bu da Azərbaycan və Ukrayna musiqi mədəniyyətlərinin tarixən qırılmaz olan əlaqələrinin müasir dövrdə də əhəmiyyətini bir daha sübut etdi.
Məlumat üçün deyək ki, Azərbaycan və Ukrayna bəstəkarlarının təması, ünsiyyəti hələ keçmiş sovetlər dövründə də öz genişliyi və çoxcəhətliliyi ilə diqqəti cəlb edirdi. Qarşılıqlı olaraq təşkil edilən hər iki ölkə bəstəkarlarının və musiqiçilərinin yaradıcılıq ezamiyyətləri, müəllif konsertləri, elmi konfranslar, seminarlar, qrammofon vallarının yazılması, not ədəbiyyatının nəşri və daha geniş miqyasda mədəniyyət günlərinin (ədəbiyyat, musiqi və incəsənətin digər sahələri üzrə) keçirilməsi vaxtilə çox səmərəli nəticələr verirdi.
Azərbaycan və Ukrayna Respublikaları müstəqilik əldə etdikdən sonra da iki ölkə arasındakı diplomatik əlaqələr qırılmamışdır. Lakin cəmiyyətdə baş verən müəyyən siyasi-iqtisadi hadisələrin fonunda qarşılıqlı mədəni əlaqələr bir qədər səngisə də, son on ildə iki ölkə arasındakı mədəni ünsiyyətdə bir canlanma özünü göstərir. Xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayına Ukrayna bəstəkarlarının dəvət olunmasından sonra hər iki ölkənin ayrı-ayrı musiqiçilərinin konsertlərdə və festivallarda iştirak etmək üçün dəvət almaları ənənəvi hala çevrilmişdir.
Onu da qeyd edək ki, bu istiqamətdə Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Belə ki, İttifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüskarlığı və təşkilatçılığı sayəsində Ukrayna bəstəkarları ilə yaradıcılıq ünsiyyəti geniş vüsət almışdır. Firəngiz Əlizadə özü, bəstəkarlarımızdan Rauf Əliyev və başqaları mütəmadi olaraq, Ukraynada keçirilən “KiyevMuzikFest” və digər festivallarda böyük uğurla iştirak edir, ukraynalıları müasir Azərbaycan musiqisi ilə tanış edirlər. Ukraynalı musiqiçilərin Bakıya səfərləri, onların ifasında Azərbaycan bəstəkarlarının əsərlərinin səslənməsi də yaddaqalan hadisələrdir. Bu da iki ölkənin musiqiçiləri arasında səmimi dostluğun və yaradıcılıq əlaqələrinin genişlənməsində önəmli rol oynayır.
Bakıda keçirilən bu dəfəki Ukrayna yeni musiqi günləri isə daha əlamətdardır. Ukraynalıların sanballı nümayəndə heyəti ilə təmsil olunması, Ukrayna musiqisinin çox tanınmış simalarının Bakıya gəlişi onun əhəmiyyətini daha da artırmışdır. Bu tədbirdə yaşlı, orta və gənc nəslin təmsilçiləri olan adlı-sanlı bəstəkar, musiqişünas və musiqi ifaçıları iştirak edirdi ki, bu da artıq onun yüksək professional səviyəsini və geniş əhatə dairəsini nümayiş etdirirdi.
Nümayəndə heyətinə Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, professor İqor Şerbakov rəhbərlik edirdi. Eləcə də Ukrayna təşkilatının iki ən böyük bölmələrinin sədrləri: Lvov Bəstəkarlar təşkilatının sədri, Ukraynanın Qəhrəmanı, xalq artisti, akademik Miroslav Skorik və Kiyev Bəstəkarlar təşkilatının sədri, beynəlxalq müsabiqələr laureatı, professor Anna Qavrilets kimi görkəmli bəstəkarlar nümayəndə heyətinə daxil idi.
Eyni zamanda, Ukraynanın tanınmış bəstəkarlarından Boqdana Frolyak, Mixail Şved, musiqişünaslardan Tamara Nevençanaya, Adriana Skorik, musiqi ifaçılarından Aleksandr Piriyev, Aleksandra Zaytseva, Dmitriy Tavanets, Boqdana Stelmaşenko musiqi günlərində iştirak edirdi.
Ukrayna bəstəkarlarının əsərləri iki böyük konsert proqramında təmsil olunmuşdur. Birinci konsert simfonik musiqi, ikinci konsert isə kamera-instrumental musiqi əsərlərindən tərtib edilmişdir.
Ukrayna bəstəkarlarının simfonik əsərləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə səsləndi. Proqrama Miroslav Skorikin Violonçel konserti (solist Aleksandr Piriyev), İqor Şerbakovun Fleyta konserti (solist Boqdana Stelmaşenko), Anna Qavriletsin “Paralellər simfoniyası”, Lesya Dıçkonun “Zolotoslov” operasının mövzuları əsasında Diptix, Yevgeni Stankoviçin “Kupalo (Kiyev Rusiyası)” simfonik poeması daxil idi. Dirijor F.Kərimovun təfsirində bu əsərlər özünəməxsus bir ruhda təqdim olundu və dinləyicilərdə böyük maraq doğurdu.
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert zalında keçən kamera konsertinin proqramına isə Yevgeni Stankoviçin, Boqdana Frolyakın, İvan Karabutsin, Gennadi Lyaşenkonun, Valentin Silvestrovun, Miroslav Skorikin, İqor Şerbakovun, Mixail Şvedin violonçel və fleyta sonataları, instrumental əsərləri və fortepiano duetləri daxil idi. Bu konsertdə də ifaçılar böyük məharət göstərərək, konserti dinləyicilər üçün yaddaqalan etdilər.
Qeyd etmək lazımdır ki, Ukrayna bəstəkarlarının bu festival çərçivəsində səsləndirilən əsərləri özünəməxsus üslub xüsusiyyətlərinə malik olmaqla, eyni zamanda, müasir dövrdə Ukrayna milli musiqi mədəniyyətində özünü büruzə verən təmayüllər haqqında da kifayət qədər dolğun təsəvvür yaradır. Müasir musiqidə geniş yayılmış yazı texnikalarının milli musiqinin ən dərin qatlarını əks etdirən cəhətlərlə, arxaik intonasiyalarla qovuşdurulması, milli ruhla aşılanmış əsərlərin meydana çıxmasına yol açmışdır. Digər tərəfdən isə ümumbəşəri və milli xüsusiyyətlərin qovuşdurulması tendensiyası Azərbaycan musiqisi üçün də olduqca səciyyəvidir və bu baxımdan ukraynalı bəstəkarların yaradıcılıq axtarışları bizim üçün də çox böyük maraq kəsb edir. Ona görə də “Ukraynanın yeni musiqisi” dedikdə, bunu elə Azərbaycan musiqisində gedən təmayüllərlə də qarşılıqlı əlaqədə nəzərdən keçirmək məqsədəuyğun olar. Bu baxımdan da haqqında danışdığımız festivalın mühüm təcrübi əhəmiyyəti üzə çıxır.
Ukrayna musiqi günləri çərçivəsində elmi konfransın keçirilməsi də diqqətəlayiqdir. Konfransdakı məruzələrin mövzusu kifayət qədər rəngarəng və geniş idi. Burada müasir dünya musiqisinin və milli mədəniyyətlərin inkişaf yolları, Ukraynanın Milli Bəstəkarlar İttifaqının müasir durumu və beynəlxalq festival əlaqələri, müasir musiqi festivallarının inkişaf tendensiyaları, 20 illik müstəqillik dövründə Ukrayna musiqisində bəstəkar yaradıcılığının istiqamətləri, bəstəkarların müraciət etdikləri mövzular, mərhələ əhəmiyyətli əsərlər, maraqlı ifaçılıq təfsirləri haqqında (F.Əlizadənin və M.Skorikin violonçel konsertlərinin timsalında) məlumat, Ukrayna mədəniyyətində millilik problemi, beynəlxalq əlaqələr kontekstində bəstəkarların musiqi təhsili kimi məsələlər ukraynalı musiqiçilərin maraqlı məruzələrində öz şərhini tapmışdır.
Məruzələrin ümumi icmalı artıq qaldırılan problemlərin əhəmiyyətini, xalqlar və mədəniyyətlər arasındakı qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini, bu istiqamətdə milli bəstəkarlıq məktəblərinin rolunu, milli musiqi mədəniyyətlərinin beynəlxalq miqyasda təbliğ olunmasının zəruriliyini üzə çıxarır. Bu baxımdan, əlbəttə ki, professional bəstəkarların qarşısında duran problemlər, onların yenilik axtarışları və dünya məkanında musiqinin milli simasının qorunub saxlanmasının vacibliyi, musiqi təhsilində özünü göstərən problemlər bizə də çox yaxındır, bəlkə də elə bu səbəbdən bu konfrans azərbaycanlılarla ukraynalılar arasında çox səmimi bir diskussiyaya çevrildi.
Əlbəttə ki, yaradıcı insanların təması, ünsiyyəti daha davamlı olmalıdır. Bu da cəmiyyətdə gedən proseslərdə musiqi xadimlərinin önəmli rolunu bir daha təsdiq etməklə, ölkələr arasındakı qarşılıqlı əlaqələrin genişlənməsinə, xalqların yaxınlaşmasına şərait yaradır. Azərbaycanda Ukrayna yeni musiqi günləri bunu bir daha əyani surətdə nümayiş etdirdi.
Cəmilə Həsənova
Sənətşünaslıq doktoru,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru