Azərbaycan Bəstəkarlar İttifaqı. 2013-cü ilin uğurları
Azərbaycan Bəstəkarlar İttifaqı – ölkəmizin musiqi həyatında şərəfli və layiqli yeri olan bir təşkilatdır. Bütün nəsillərin bəstəkarlarını və musiqişünaslarını doğma ocaq kimi öz ətrafında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqının bütövlükdə fəaliyyəti və onun hər bir üzvünün ayrı-ayrılıqda yaradıcılığı musiqi mədəniyyətimizin yüksəlişinə xidmət edir. Keçirilən tədbirlərin musiqi həyatımızdakı əhəmiyyəti, mədəniyyət tariximizin və musiqi irsimizin zənginləşdirilməsindəki rolu bunu deməyə əsas verir.
Hər il Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və iştirakı ilə iri miqyaslı beynəlxalq musiqi festivallarından və simpoziumlardan tutmuş, daha yığcam auditoriyanı əhatə edən müəllif konsertləri və təqdimatlara qədər – onlarla tədbir keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun “Dünya Artisti”, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla, İttifaqın əməkdaşları və üzvlərinin yaxından iştirakı ilə baş tutan bu tədbirlərin zəngin mündəricəsi nə qədər gərgin iş görüldüyünə dəlalət edir. Bu, artıq Bəstəkarlar İttifaqının yaşam tərzinə çevrilmişdir və bu həyat ritmi bu il də davam etmişdir.
Əlbəttə ki, bir məqalənin çərçivəsində 2013-cü il ərzində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən tədbirlərin hamısı haqqında danışmaq, onların mahiyyətini açmaq mümkün deyil. Həm də dövri mətbuat səhifələrində, televiziya ekranlarında, radio dalğalarında bu tədbirlər geniş surətdə işıqlandırılmışdır. Lakin ən səthi baxışla nəzər salsaq belə, görülən işin miqyasını və əhəmiyyətini dəyərləndirmək olar. Bu baxımdan da məqalədə verdiyim sırf hesabat xarakterli məlumat oxuculara maraqlı ola bilər.
İlk növbədə, qeyd etməliyəm ki, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti cəmiyyətin ictimai-siyasi həyatı ilə sıx bağlıdır və ölkəmizdə baş verən bütün hadisələrdə bəstəkar və musiqişünaslar yaxından iştirak edir, vətəndaşlıq mövqeyini nümayiş etdirir.
Bu ilin may ayında bütün xalqımızla birgə bəstəkar və musiqişünaslarımız Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin böyük təntənə ilə keçirilməsində yaxından iştirak etmişdir. Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirilmiş, müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında əvəzolunmaz rolundan, Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən, onun bəstəkarlarımıza göstərdiyi qayğıdan danışılmışdır.
Bu tədbirlərə bəstəkarlar öz təhfələri ilə gəlmiş və onların Ulu Öndərə həsr olunmuş əsərləri konsertlərdə səslənmişdir. Səsləndirilmiş yeni əsərlərdən əməkdar incəsənət xadimləri Sərdar Fərəcovun, Rauf Əliyevin simfonik əsərlərini, həmçinin, Tahir Əkbərin Xatirə Rəhimbəylinin sözlərinə “Yaşayırsan Ulu Öndər” mahnısının və videoklipinin təqdimatını qeyd edə bilərik.
Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan Ulu Öndər Heydər Əliyevin vəfatının 10 illiyi də yola saldığımız ilin dekabr ayında qeyd olunmuşdur. Bu tarix də Azərbaycan bəstəkarlarının Ulu öndərə həsr olunmuş əsərlərindən ibarət konsert proqramı ilə yadda qaldı.
Bu ilin ən böyük hadisəsi, əlbəttə ki, oktyabr ayında keçirilmiş Prezident seçkiləridir ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri bu zaman çox fəallıq göstərmişlər. Yeni Azərbaycan Partiyasının üzvləri olan bəstəkar və musiqişünaslar və ümumiyyətlə, Azərbaycan dövlətinin rifahına, Azərbaycan adının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən bütün musiqi xadimləri fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər. Seçkiqabağı hazırlıq dövründə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilmiş böyük yığıncaqda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə, Azərbaycanımızın parlaq gələcəyinə inamlı olmağımız bildirildi. Böyük ruh yüksəkliyi ilə Azərbaycan dövləti tərəfindən musiqi xadimlərinə göstərilən diqqət və qayğıdan danışıldı. Bizim Azərbaycan musiqisinin tərəqqisinə çalışaraq, Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşməyin, onun rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətdə musiqinin önəmli rolunun təqdir olunmasının tərəfdarı olmağımızla əlaqədar bəyanat qəbul edilmişdir.
Bu baxımdan Azərbaycanda dövlət dəstəyi ilə və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bir çox beynəlxalq musiqi festivallarının böyük əhəmiyyətli rolu danılmazdır. Ölkəmizdə mütəmadi olaraq keçirilən “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviç adına və digər Beynəlxalq Musiqi Festivalları dünyanın bir çox ölkələrindən musiqisevərlərin diqqətini Azərbaycana çəkir, eyni zamanda, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır.
“Muğam Aləmi” Beynəlxalq Muğam Festivalının prezidenti — Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır. Ənənəvi olaraq, 2013-cü ilin mart ayında keçirilmiş III Beynəlxalq Muğam Festivalının təşkilində Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı səmərəli olmuşdur. Festivalın bədii rəhbəri Firəngiz xanım Əlizadənin konsertlərin tərtibatındakı rolunu xüsusi olaraq qeyd etmək istərdik.
İlk dəfə Heydər Əliyev Mərkəzində keçirilən festivalın açılış mərasimində Firəngiz xanımın möhtəşəm səhnə tərtibatında Şərq və Qərbin vəhdəti bir daha parlaq şəkildə öz təcəssümünü tapmışdır. Səhnədə yerləşdirilən iki orkestr – simfonik və xalq çalğı alətləri orkestrləri (dirijorlar Fəxrəddin Kərimov və Ağaverdi Paşayev), rəqs ansamblı və xor, alman bəstəkarı İ.S.Baxın Tokkatasından, rus bəstəkarı N.Rimski-Korsakovun “Şəhrizad”ından “Bayatı-Şiraz”, “Rast”, “Segah”, “Çahargah” muğamlarına, caz kompozisiyalarına, muğam operalarına, “Qarabağ şikəstəsi”nə qədər böyük musiqi tablosunu gözümüz qarşısında canlandıran konsertin qeyri-adi təəssüratları tükənməzdir. Festival boyu bir-birini əvəz edən konsert proqramlarında azərbaycanlı muğam ustadları ilə xarici ölkələrdən gəlmiş Şərq xalqlarının ənənəvi musiqisinin ən tanınmış ifaçılarının çıxışları, bəstəkarların muğam əsasında yazılmış müxtəlif janrlı – opera, operetta, balet, simfonik, kamera-instrumental və vokal əsərlərinin səsləndirilməsi, sözün əsl mənasında, muğam sənətinin böyüklüyünü, musiqimiz üçün bünövrə əhəmiyyətini nümayiş etdirdi.
Bunlar bir daha sübut edir ki, muğam müxtəlif millətlərdən olan insanları birləşdirməyə qadirdir. Bütün dünyada muğam ölkəsi tanınmış Azərbaycan həqiqətən də Şərq və Qərb mədəniyyətlərinin dialoquna rəvac verən bir məkana çevrilmişdir.
Muğam Festivalı çərçivəsində keçirilən YUNESKO-nun Beynəlxalq Musiqi Cəmiyyəti (İCTM) ilə birgə keçirilən elmi simpozium da mühüm əhəmiyyətə malikdir. Dünyanın bir çox ölkələrindən etnomusiqişünas və muğamşünas alimlərin toplaşdığı simpoziumda Şərq xalqlarının musiqisində mühüm əhəmiyyət kəsb edən alətşünaslığın inkişafı, müasir dövrdə muğamın tədqiqi məsələləri müzakirə obyektinə çevrilmişdir. Simpoziumun geniş rezonans doğurması onun miqyasını da müəyyən etmişdir. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqında, Azərbaycan Milli Elmlər Akademiyasında bir neçə seksiyada iclasların aparılması proqramı zənginləşdirmişdir.
Onu da deyim ki, muğamla bağlı beynəlxalq elmi simpozium musiqi elmimiz üçün elə bir təkanverici qüvvəyə çevrilmişdir ki, onun əks-sədası bütün il boyu keçirilən elmi yığıncaqlarda davam edir. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqında musiqişünasların dəyirmi masa ətrafında toplaşaraq, mühüm elmi problemlərlə bağlı fikir mübadilələri keçirmələri, elmin yeni nailiyyətlərindən bəhs etmələri, görkəmli musiqişünas alimlər, muğamşünaslığa öz töhfələrini vermiş Zemfira Səfərovanın, Ramiz Zöhrabovun, Rəna Məmmədovanın kitablarının müzakirəsi musiqişünaslığın tədqiqat istiqamətlərinin geniş panoramını üzə çıxarır.
Bu il Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə bir sıra beynəlxalq miqyaslı festivallar təşkil olunmuşdur ki, bunların musiqimizin inkişafında böyük əhəmiyyəti vardır.
Aprel ayında Ukraynada Azərbaycan musiqisi günləri çox təntənəli keçmişdir. Bəstəkarlar, musiqişünaslar və musiqi ifaçılarından ibarət 18 nəfərlik böyük bir nümayəndə heyəti Kiyevdə keçirilən tədbirlərdə iştirak etmişdir. Bu, sovet dönəmindən sonra Azərbaycan bəstəkarlıq məktəbinin belə geniş şəkildə təmsil olunduğu ilk tədbirdir. Ukraynalı musiqisevərlərə Azərbaycan musiqi mədəniyyətinin geniş panoramını təmsil edən bir proqram təqdim olunmuşdur. Konsert proqramlarında Üzeyir Hacıbəylidən başlayaraq, Qara Qarayevin, Fikrət Əmirovun, Firəngiz Əlizadənin, Ağadadaş Dadaşovun, Sərdar Fərəcovun, Rauf Əliyevin, Azər Dadaşovun, Aliyə Məmmədovanın və başqa bəstəkarların, bu günkü gənc bəstəkarlara kimi, nəsillərin varisliyini nümayiş etdirən əsərləri öz əksini tapmışdır. Demək olar ki, iki gündə 16 müəllifin əsəri səslənmişdir. Həm klassik əsərlər, həm də yeni yaranmış əsərlər Ukraynanın musiqi kollektivləri və azərbaycanlı solistlər tərəfindən böyük şövqlə ifa olunmuş və rəğbətlə qarşılanmışdır.
Hər il olduğu kimi, bu il də yay ayları Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının təşkili və keçirilməsi ilə əlamətdar oldu. Bu festival Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Şəki İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalın əsas məramı ilə bağlı olaraq, konsertlərin açıq havada, tarixi abidələr fonunda səsləndirilməsi tarixlə müasir dövrün vəhdətini üzə çıxarır,
Festivalda Türkiyə, Şimali Koreya, Qazaxıstan, Rusiya, Moldova, Ukrayna, Tacikistan, ABŞ və Azərbaycan milli musiqi kollektivlərinin və solistlərinin konsert proqramları böyük təəssürat doğurdu. Muğam ustadları Alim Qasımov və Fərqanə Qasımovanın, müğənni Tünzalə Ağayevanın çıxışları, xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, eləcə də Azərbaycan Dövlət Opera və Balet Teatrının təqdimatında Qara Qarayevin “Yeddi gözəl” baletinin nümayişi, tanınmış musiqiçilərin ustad dərsləri böyük rəğbətlə qarşılandı. Yüksək səviyyədə keçən festival konsertləri Azərbaycan Televiziyasının Mədəniyyət kanalında göstərilmiş, hətta Türkiyənin “Axşam səfası” orkestri və solistlərinin konsert proqramı TRT kanalında birbaşa yayımlanmışdır.
Sentyabr ayı isə ənənəvi olaraq, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 sentyabr Musiqi günündən başlayaraq, ayın sonuna kimi davam edən Beynəlxalq Musiqi Festivalı ilə yadda qalmışdır. Festival çərçivəsində xaricdən dəvət olunmuş musiqiçilərin Azərbaycan musiqisini ifa etməsi zəngin təəssüratlar yaratmışdır. O cümlədən, Fransanın “Utopik” ansamblının konsert proqramında fransız bəstəkarlarının əsərləri ilə yanaşı, görkəmli bəstəkarımız Firəngiz Əlizadənin əsərlərinin səsləndirilməsi əlamətdardır. Bu festival çərçivəsində ilk dəfə olaraq keçirilən “Türkdilli xalqların musiqisi” mövzusunda konfrans və konsert mühüm əhəmiyyətə malikdir.
Əlbəttə ki, Azərbaycan Bəstəkarlar İttifaqının bu il keçirdiyi tədbirlər sırasında bəstəkar və musiqişünasların yubileylərinin qeyd olunması xüsusi yer tutur. Fevral ayında böyük bəstəkarımız Qara Qarayevin anadan olmasının 95 illiyi respublikamızın musiqi ictimaiyyəti ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqında da bir sıra tədbirlərlə yadda qaldı. Qara Qarayevin yaradıcılığına həsr olunmuş elmi konfrans və onun əsərlərindən ibarət kamera konserti keçirildi.
Bu il həm də görkəmli bəstəkarlarımız Cövdət Hacıyevin, Şəfiqə Axundovanın, Elza İbrahimovanın, Tofiq Bakıxanovun, Musa Mirzəyevin, Yaşar İmanovun və başqalarının, musiqişünas-alim Fəttah Xalıqzadənin yubileyləri konfrans və konsert proqramları ilə qeyd olunmuşdur.
Xüsusilə təsirli və əhəmiyyətli olan tədbirlərdən biri də dünyasını dəyişmiş musiqişünasların yubileylərinə həsr olunmuş konfrans idi ki, burada Azərbaycan musiqişünaslığının inkişafına böyük töhfələr vermiş alimlər – Məmmədsaleh İsmayılov (100), Zaxar Stelnik (100), İzabella Abezqauz (90), Bayram Hüseynli (90), Xanlar Məlikov (90), Rəna Fərhadova (85), Əhməd İsazadə (85), Elxan Babayev (65) haqqında çıxışlarda onların xatirəsi yad edildi.
Bütün bu kimi tədbirlərin keçirilməsi sıradan bir yığıncaq və ya konsert deyil. Bu, bizim ustadlarımıza olan ehtiramımızın ifadəsi olub, onların ənənələrinin, ideyalarının gələcək nəsillərə ötürülməsi mənasını daşıyır.
Dövlətimizin gənclərlə bağlı siyasətini dəstəkləyərək, Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkar və musiqişünasların yaradıcılığına xüsusi diqqət yetirir. İl ərzində keçirilmiş bir neçə tədbir bu istiqamətdə böyük önəm kəsb edir. Gənc bəstəkarların əsərlərində ibarət plenumlarda əsərlərin ifaçılarının və konsertlərin aparıcılarının gənclər olması musiqimizə gələn yeni nəsillərin yaradıcılığı ilə tanış olmağa imkan verir.
Göründüyü kimi, Azərbaycan Bəstəkarlar İttifaqında 2013-cü il ərzində keçirilən tədbirlər rəngarəngliyi ilə seçilir. Bu baxımdan maraqlı təqdimat mərasimlərini də qeyd etmək istərdim. Bəstəkar, əməkdar müəllim, professor Ədilə Yusifovanın “Naxışlar” fortepiano məcmuəsinin təqdimatında musiqi, poeziya və rəssamlıq əsərlərinin vəhdəti, xalqın qan yaddaşından gələn sənətkarlıq nümunələrinin – naxış, tikmə, xalça toxuma və s. musiqinin ecazkar dili ilə təcəssümü çox xoş təsir bağışladı.
Azərbaycan Bəstəkarlar İttifaqı yaradıcı təşkilat olaraq, müasir cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycan musiqisi durmadan inkişaf edir, sərhədlərini, miqyasını genişləndirir. Şübhəsiz, bu prosesdə bəstəkar və musiqişünasların fəaliyyətinin koordinasiya olunması ilə yanaşı, həm də onların bir məqsədə — Azərbaycan mədəniyyətinin yüksəlişinə yönəldilməsini təmin edən bir yaradıcılıq təşkilatı kimi Azərbaycan Bəstəkarlar İttifaqının missiyası əlamətdardır. Onun üzvlərinin də yaradıcı fəaliyyəti bilavasitə cəmiyyətimizə, xalqımıza ünvanlanmışdır. Azərbaycançılıq ideyalarının dünyada yayılmasına xidmət edən işləri ilə Azərbaycan Bəstəkarlar İttifaqı həmişə öndədir və Dünya azərbaycanlılarının həmrəylik gününü böyük sənət uğurları ilə qarşılayır. Bütün bunlar Azərbaycan musiqisinin təntənəsi kimi bizi çox fərəhləndirir.
2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı böyük ruh yüksəkliyi ilə 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Bununla əlaqədar olaraq, yeni ildə həyata keçiriləcək tədbirlər planı tutulur, möhtəşəm beynəlxalq festivalların layihələri nəzərdən keçirilir. Bu münasibətlə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadəyə, İttifaqın bütün əməkdaşlarına və üzvlərinə yeni ildə can sağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
CƏMİLƏ HƏSƏNOVA
Sənətşünaslıq doktoru, professor,
Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi