"İpək Yolu” lll Beynəlxalq Musiqi Festivalının proqramı

Bakı, 24 iyun İyunun 28-dən iyulun 1-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “İpək Yolu” II Beynəlxalq musiqi festivalı keçiriləcəkdir.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalda Azərbaycanla yanaşı, Hindistan, Ukrayna, Koreya Respublikası, Norveç və digər ölkələrin musiqi kollektivləri iştirak edəcəklər. Festival çərçivəsində paytaxtın bir çox mədəniyyət ocaqlarında konsertlər, tədbirlər, təqdimatlar təşkil olunacaqdır.

Qeyd edək ki, ötən il bu möhtəşəm musiqi festivalı Şəki şəhərində keçirilmişdir.

Bakı, 28 iyun İyunun 28-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin “Xalçanın musiqi sehri” multimedia layihəsi ilə “İpək Yolu” II Beynəlxalq musiqi festivalına start verilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə festivalın tarixi əhəmiyyətindən danışmış və vurğulamışdır ki, 4 gün ərzində şəhərimizin sakinləri və qonaqları bir-birindən maraqlı konsert proqramlarını izləyəcəklər.

Bildirilmişdir ki, “Xalçanın musiqi sehri” multimedia layihəsinin müəllifi C.Tağızadə fərqli bir musiqi proqramı ilə tamaşaçıların qarşısına çıxır. Cavad Tağızadə Bəstəkarlar İttifaqının nəzdindəki “Oazis” simli kvartetinin və “Ad Libitum” ansamblının solisti və bədii rəhbəridir. O, bir sıra xarici ölkələrdə solist kimi qastrol səfərlərində olmuşdur.

Görkəmli sənətkar Lətif Kərimovun adını daşıyan muzeyin direktoru Röya Tağıyeva çıxış edərək vurğulamışdır ki, bəşəriyyət tarixində nadir hadisələrdən olan Böyük İpək Yolu Azərbaycandakı tarixi hadisələrə də təsir göstərmişdir. Bu yol Avropa və Şərq ölkələri arasında ticarət əlaqələri yaratmaqla yanaşı, mədəniyyətlərin sürətlə inkişaf etdirilməsində də əvəzsiz rol oynamışdır. O, “İpək Yolu” festivalının gələcəkdə daha geniş formada keçiriləcəyinə əminliyini bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.

Sonra tədbir iştirakçıları multimedia layihəsini izləmiş və “Azərbaycan xalçaları Böyük İpək Yolunda” adlı sərgi ilə tanış olmuşlar.

XXI əsrdə müasir həyatımızın müxtəlif sahələrini əhatə edən qloballaşma şəraitində hər bir millət özünü böyük dünyanın bir parçası kimi dərk edir. Bu mürəkkəb inteqrasiya prosesində, bir tərəfdən, müxtəlif millətlərin mədəniyyətlərinin sintezi, digər tərəfdən isə özünəməxsus milli xüsusiyyətlərin qabarıq şəkildə üzə çıxması baş verir. Çox qədim tarixi köklərə və zəngin mənəvi dəyərlərə malik olan Azərbaycan, bu gün dünya miqyasında öz milli mənliyini təsdiq etmək üçün fəal şəkildə bu prosesə qoşulmuşdur. Hələ qədim zamanlardan “Böyük İpək Yolu”nun keçdiyi əlverişli tarixi-coğrafi mühitdə yerləşən ölkəmiz, mədəniyyətlərin qovuşduğu, mühüm iqtisadi-siyasi proseslərin baş verdiyi məkana çevrilmişdir.
Təsadüfi deyil ki, bu gün respublikamızda həyata keçirilən bir çox iqtisadi, siyasi, sosial və mədəni layihələr bilavasitə “İpək Yolu” adı ilə gerçəkləşir. “Böyük İpək Yolu”nun musiqi təcəssümü kimi bu deviz ilk dəfə olaraq, 2010-cu ildə dünya şöhrətli bəstəkar, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü və təşkilatçılığı ilə reallaşdı. Artıq ənənəvi olaraq, Azərbaycanın ən səfalı guşələrindən biri olan Şəki şəhərində keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı geniş şöhrət qazanmışdır. Bu festivalın məhz Şəkidə – “Böyük İpək Yolu”nun qırılmaz halqası olan, zəngin ipəkçilik ənənələrini yaşadan, elm, mədəniyyət məbədgahı kimi tanınan diyarda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şəkinin bu mövqeyini dəyərləndirərək, burada beynəlxalq musiqi festivallarının, muğam müsabiqələrinin, mədəniyyətlərarası dialoq-forumların keçirilməsini tövsiyə etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının bir sıra önəmli beynəlxalq layihələrindən olan “İpək yolu” Beynəlxalq Musiqi Festivalının çox maraqlı yaranma tarixi var. Hələ 1999-cu ildə dünya şöhrətli, Çin mənşəli Amerika violonçel ifaçısı Yo-Yo-Ma Firəngiz Əlizadənin “Muğamsayağı” əsərinə müraciət edərək, özünün məşhur “İpək Yolu” layihəsində bu musiqi parçasını ifa edir. Yo-Yo-Ma bu unikal layihəsi ilə dünya turu konsertlərini “Böyük İpək Yolu”ndan keçən ölkələrin, Amerikadan Avropaya uzanan məşhur konsert salonlarında dinləyiciyə təqdim etmiş və tanınmış bəstəkarların əsərləri ilə yanaşı, Firəngiz Əlizadənin də əsərlərini ifa etmişdi. 2000-ci ildə Yo-Yo-Ma öz layihəsi üçün Firəngiz Əlizadədən yeni bir əsər yazmağı sifariş edir.
Yo-Yo-Manın sifarişi üçün Firəngiz xanım qeyri-adi bir kompozisiya yaratmaq fikrinə düşür. Firəngiz Əlizadə Nəsiminin qəzəllərindən bəhrələnən “Dərviş” əsərini yazır.
Yo-Yo-Manın bu layihəsi çərçivəsində Firəngiz Əlizadənin “Habil Sayağı”, “Aşk havası”, “Oasis”, “Dərviş” əsərləri yer kürəsinin bütün iri konsert salonlarında ifa olunmuşdur. Yo-Yo-Manın 26 ölkənin bəstəkarları və musiqiçilərini birləşdirən transmilli layihəsi bütün dünyada “Böyük İpək yolu”nun ən uğurlu layihəsi kimi seçilmişdir. 26 ölkənin bəstəkarları arasında həmyerlimiz Firəngiz Əlizadənin bu qədər əsərinin həmin konsertlərdə ifa olunması, qətiyyətlə deyə bilərik ki, bizim Azərbaycan bəstəkarlıq məktəbimizin uğurudur.
Əlbəttə ki, Yo-Yo-Ma ilə görüşlər, “İpək yolu”nun Azərbaycandan da yan keçməməsi Firəngiz Əlizadədə belə bir beynəlxalq musiqi festivalının bizdə də keçirilməsi ideyasını yaradır. Onun bu təklifini və hazırladığı layihəni Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də bəyənir. Festivalın harada və necə keçirilməsi məsələsi də önəmli rol oynamalı idi.
Bu festivalda ulu Şərq ilə müasir Qərbin musiqi dialoqu baş tutmalı idi. Belə bir məkan üçün Şəki şəhərinə üstünlük verilir.
“İpək yolu” musiqi festivalı klassik musiqi ilə bərabər ənənəvi musiqini də dinləyiciyə çatdırmalı idi. Bu festivalın keçirilməsi heç də asan bir iş deyildi. Dünyanın dörd bir tərəfindən gələn musiqiçiləri qarşılayıb yerləşdirmək, ev sahibliyi etmək, konsertlərin təşkili və festivala rəhbərlik Bəstəkarlar İttifaqının üzərinə düşən məsul bir iş idi. Bu işin həm maddi, həm də mənəvi tərəfi vardı.
Bir zamanlar “Yumor şəhəri” kimi tanınan Şəki indi Şərq və Qərbi birləşdirən musiqi beşiyinə çevrilir. Dünyanın bir çox ölkələrinin kollektivləri burada görüşüb müzakirə və mübadilələr aparır, yaxın və uzaq xarici ölkələrdən gələn qonaqlar Azərbaycanın dilbər guşəsi Şəkini yaxından tanımağa başlayır.
Festivalın bir xüsusiyyəti də ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı konsertlər, əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlər bu tarixi məkanlarda qovuşaraq, festivalın ipək yolunu tamaşaçıya çatdıra bilir. “Niyə bəs məhz Şəki məkan olaraq seçildi” sualına Firəngiz xanım belə cavab verir: “Şəkinin musiqi mədəniyyəti özünəməxsus üslubu və ifaçılıq ənənələri həmişə seçilib. Virtuoz zurnaçılıq sənəti, qəhrəmani instrumental havalar, zorxana musiqisi, zəngin peşələrlə bağlı əmək nəğmələri buna parlaq sübutdur. Şəkidə muğam sənəti özünəməxsus tərzdə inkişaf tapmış, XIX əsrdə Şuşa, Bakı, Şamaxı, Gəncə ilə yanaşı, Şəkidə də muğam məclisi mövcud olmuşdur. Şəkili xanəndələrdən Ələsgər Abdullayevin (Şəkili Ələsgər), Əlövsət Sadıqovun adları muğam sənəti tarixinə qızıl hərflərlə yazılmışdır. Şəkinin musiqi təhsili sistemi də kifayət qədər genişdir. Burada dörd Uşaq Musiqi Məktəbi, bir Uşaq İncəsənət məktəbi ilə yanaşı, uzun illərdir ki, Musiqi Kolleci də fəaliyyət göstərir”.
Beləliklə, “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə öz karvanını Şəkidən saldı. İlk iki festivalı Bəstəkarlar İttifaqının imkanları əsasında reallaşdıran Firəngiz Əlizadə sübut etdi ki, bu festival doğrudan da yaşamağa layiq bir layihədir.
Birinci “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramında nəinki Azərbaycanın məşhur kollektivləri, eləcə də Norveç, Koreya, Kanadadan gəlmiş qonaqlar və musiqiçilər bir araya gəlmişdilər. İlk dəfə olaraq, Şəkidə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları açıq səma altında və orijinal bir quruluşda musiqisevərlərə təqdim olundu. Qeyd olunduğu kimi, Şəkinin tarixi məkanları festival ərəfəsində geniş konsert meydançalarına çevrilmişdi.
İlk festivaldan başlayaraq, bu fikrin nə qədər doğru-düzgün olduğu özünü göstərdi. Festival çərçivəsində görkəmli sənətkarların Şəki Musiqi Kollecində verdikləri “ustad dərsləri” Azərbaycan musiqi təhsilinin inkişafına unikal bir töhfədir. Hələ onu da demək lazımdır ki, elə ilk “İpək Yolu” festivalında Kollecdə royal musiqi aləti çatışmazlığını görən Firəngiz Əlizadə, kollektivə özünün şəxsi royalını hədiyyə etmişdi.
“İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı isə Bakıda, İçəri Şəhərin qədim abidələri arasında, açıq havada baş tutmuşdu. Firəngiz Əlizadə həmin festival haqqında yazırdı: “Festival günlərində qonaqlar və Bakının sakinləri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət səhnədə getməyən “Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Kiyevin “Rikoşet” ansamblının ifasında avanqard musiqini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri – Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman  dramaturqu P.Züskindin “Kontrabas” pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə “çarpazlaşmasını” izləmək imkanını əldə etdilər”.
Nəhayət, III festivaldan başlayaraq bu günə kimi, festival artıq Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə öz işini davam etdirir.
“İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı 2012-ci ildə Azərbaycanın ən məşhur memarlıq abidələrindən biri olan “Şəki Xan Sarayı”nın 250 illik yubileyi günlərində baş tutmuşdu. 2012-ci il TÜRKSOY-un qərarı ilə Şəki şəhərinin “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilməsi və dünya memarlığının möhtəşəm abidələrindən olan Şəki Xan Sarayının yubileyi, “İpək Yolu”nun karvanını yenidən Şəkiyə gətirmişdi.
“İpək Yolu” III Şəki Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəyli musiqisi ilə açılışını etmişdi. Bəstəkarın dahi “Arşın mal alan” operettasının maraqlı musiqili hekayəti “Arşın malçı İpək yolunda” adlanırdı. Şəki Xan Sarayının həyətində, açıq havada, geniş tamaşaçı qarşısında cərəyan edən hadisələr dinləyicini sanki həmin hadisələrin içində olaraq, onu bilavasitə öz iştirakçısına çevirmişdi.
Bundan başqa, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru, Niyazi adına Simfonik Orkestrinin konsertləri ilə yanaşı, xaricdən gələn bir sıra kollektivlərin də bu festivaldakı çıxışları təqdirəlayiq olmuşdur.
Dünyada məşhur olan Türkiyənin “Əl-Kindi” instrumental ansamblı da festivalın qonağı idi.  Ansambl Orta əsrlərdə yaşayıb yaratmış ərəb-müsəlman musiqi nəzəriyyəçisi, filosof, astronom, riyaziyyatçı Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılıb. Maraqlıdır ki, ansamblın rəhbəri fransız əsilli Jülyen Vayss türk musiqiçilərini başına toplayıb, bu məşhur kollektivi yaratmışdır.
İldən-ilə festivalın coğrafi məkanının genişlənməsi bir daha onu göstərir ki, bu tədbir, artıq xarici ölkələrin musiqiçilərini də özünə cəlb edə bilmişdir.
Konsert proqramlarına gəlincə, İranın “Acəmilər” ansamblını da xüsusilə qeyd etmək istərdim. Tərkibi əsasən gənc musiqiçilərdən ibarət olan bu ansambl, XIV-XV əsrlərdə yaranmış qədim musiqini müasir fars klassik musiqisinə inteqrasiya etməyə can atır.
Şəki şəhəri Türkiyənin Giresun şəhəri ilə qardaşlaşmış şəhərlərdəndir. Hər iki şəhər arasında çox səmimi, işgüzar münasibətlər hökm sürür və “İpək yolu” Festivalının musiqili qonaqları arasında Giresun şəhər bələdiyyəsi Konservatoriyasının “Rəqs qrupu” da dəvətli idi. Tələbələrin konserti, Qara dəniz rəqsləri, əlbəttə ki, festivala rəngarənglik gətirməyə bilməzdi.
Ən maraqlı konsertlərdən biri Gürcüstanın məşhur “Erisioni” folklor mahnı və rəqs ansamblının çıxışı olmuşdu. Bu konsert, yenicə bərpa və təmir olunmuş Aşağı Karvansarayda keçirildi. Kollektivin çıxışı üçün çox möhtəşəm, müasir texnika ilə təmin olunmuş açıq hava səhnəsi quraşdırılmışdı. Aşağı  Karvansaray Şəkinin digər məkanları kimi xalqın milli sərvətidir. Əlbəttə ki, belə bir səhnədə və belə bir məkanda çıxış etmək onsuz da dünyada məşhur olan kollektivi bir daha vəcdə gətirmişdi.
Nəhayət, festivalın son günü yenə də həmin səhnədə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin unudulmaz konserti ilə “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı öz işini yekunlaşdırmışdı.
Bu günə qədər hər festivalda Azərbaycan musiqisinin ölməz klassik əsərlərinin səslənməsi artıq ənənə halını aldığına görə, IV festivaldan da bu, yan keçmədi. IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı da  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ifasında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilə Şəkinin tarixi məkanı Aşağı Karvansarayda baş tutdu. IV Festivalın musiqi proqramında MDB ölkələrinin Moldova, Ukrayna, Tacikistan və Azərbaycan rəqs ansambllarının birgə konserti, ABŞ-nın “Filliqar” rok qrupu, Türkiyənin “Axşam sədası” TRT orkestr və solistlərinin konserti, Cənubi Koreya solistlərinin ifasında qədim Koreya musiqisi və başqa nümunələr də daxil olmuşdu. Əlbəttə ki, həmin festivalın yadda qalan konsertlərindən biri də dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın Şəki Xan Sarayında baş tutan musiqi gecəsi oldu.
Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsi olan multikulturalizm və tolerantlıq, dostluq, qonaqpərvərlik və həmrəylik “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının da əsas qayələrindən biridir. Ona görə də, “İpək Yolu” Festivalının növbəti musiqi proqramı Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinə həsr olunmuşdu. Son illərdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatının bu Festivala qatılması xüsusilə təqdirəlayiqdir. Bu təşkilat tərəfindən 2014-cü ildə təqdim olunan türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət “Defile” böyük rəğbət qazanmışdır. Beləcə, bu günə qədər hər il Şəkidə keçirilən biri-birindən rəngarəng festivallar artıq yubiley – X festival ilinə qədəm qoymuşdur.
İyun ayının 29-da Şəkidə açılışını edəcək X yubiley Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı I Festivalın açılışında olduğu kimi, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə öz işini başlayacaq. Bu il “Nəsimi ili” olduğundan Şəki festivalı da bu əlamətdar hadisədən yan keçməyəcək. Festival çərçivəsində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının yaradıcılığında” Şəki regional Kollecində dəyirmi masa keçiriləcək, eyni zamanda Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” xoreoqrafik kompozisiyası səslənəcəkdir.
Beş gün davam edəcək geniş konsert proqramını Q.Qarayev adına Dövlət Kamera Orkestri, Macarıstandan gələn musiqi qrupu, Qazaxıstan Estrada-Simfonik orkestri və başqa kollektivlərin çıxışları əhatə edəcək.
Festivalın uğurları respublikamızda, habelə onun hüdudlarından uzaqlarda böyük əks-səda yaratmışdır. Müxtəlif xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin Festivalda iştirak etməsi, musiqinin bütün millətlər arasında ən anlaşıqlı ünsiyyət dili olduğunu bir daha sübut etdir. Bizə isə X yubiley ili Beynəlxalq Şəki Festivalına uğurlar diləmək qalır.

Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə iyunun 28-dən iyulun 1-dək Bakıda «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu münasibətlə öncə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil edildi, festivalla bağlı məlumat verildi.    

    Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri Firəngiz Əlizadə bildirdi ki, ötən il Şəki şəhərində keçirilən «İpək yolu» I Beynəlxalq Musiqi Festivalının uğurları onları ruhlandırıb: «Odur ki, ənənəni davam etdirərək, bu il -Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində Bakı şəhərində yenidən festivalı keçirməyi qərarlaşdırdıq. Təsadüfi deyil ki, bu gözəl musiqi bayramının əks-sədası dünyanın müxtəlif guşələrindən gəlir. Bu bir daha sübut etdi ki, «İpək yolu» Azərbaycanın zəngin mədəni həyatında öz layiqli yerini tuta bilib. Bu festival təkcə musiqi deyil, incəsənət hadisəsidir».
F.Əlizadə bildirdi ki, festivalda Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İsveçrə və Amerikadan qonaqlar dəvət olunub: «Festivalın geniş proqramı unikal Xalça Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə başlayaraq, Bəstəkarlar İttifaqının tarixi binasında Əməkdar rəssam Səbinə Şıxlinskayanın Qriqin musiqisinə orijinal installyasiyaları ilə tamamlanacaq. Festival günlərində qonaqlar və Bakının sakinləri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət səhnədə getməyən «Əsli və Kərəm» operasına yenidən tamaşa etmək, Kiyevin «Rikoşet» ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri Şopen və Listin əsərlərindən həzz almaq imkanı əldə edirlər. Həmçinin tanınmış alman dramaturqu Patrik Züskindin «Kontrabas» pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə «çarpazlaşmasını» izləmək imkanı yaradılıb».
Tədbirdə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti Ramiz Zöhrabov və digərləri iştirak edərək, Azərbaycanın bir çox beynəlxalq festivallara layiqincə ev sahibliyi etdiyini bildirdilər.
Festivalın ilk tədbiri Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində baş tutdu. İyunun 28-də bu məkanda istedadlı gənc musiqiçi Cavad Tağızadənin «Xalçanın musiqi sehri» multimedia layihəsi təqdim olundu. Təqdimatda Xalq artisti Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının nəzdindəki «Oazis» simli kvartetinin və «Ad Libitum» ansamblının solisti və bədii rəhbəri C.Tağızadənin bir sıra xarici ölkələrdə solist kimi qastrol səfərlərində olduğunu bildirdi. Muzeyin direktoru Röya Tağıyeva isə «İpək yolu» festivalının gələcəkdə daha geniş formada keçiriləcəyinə əmin olduğunu dedi. Tədbir iştirakçıları multimedia layihəsini izlədikdən sonra «Azərbaycan xalçaları Böyük İpək Yolunda» adlı sərgi ilə tanış oldular.
Daha sonra Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda etno-caz konserti təşkil olunub. Konsertdə gənc və istedadlı pianoçu Emil Əfrasiyab və instrumental qrup çıxış edib. E.Əfrasiyab bildirib ki, konsertdə Şərqlə Qərbin sintezi səpkisində musiqilər ifa edir. Dahi pianoçu Vaqif Mustafazadənin əsərlərini və özünəməxsus caz kompozisiyalarını ifa edən E.Əfrasiyab konsertə özünün «Xarakter» əsəri ilə yekun vurub. Həmin gün növbəti tədbir isə İçərişəhərdəki «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix memarlıq qoruq-muzeyində baş tutub. Muzeydə dahi bəstəkar Üzeyir Hacıbəylinin «Əsli və Kərəm» operası tamaşaçılara təqdim olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, festivalın əhəmiyyətindən, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanması istiqamətində görülən işlərdən danışıb.
Festivalın növbəti günlərində Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə F.Şopen, F.List və Q.Qarayevin fortepiano əsərlərindən ibarət konsert, Amaan Əli Xanın rəhbərliyi ilə «Sarod» ansamblının konserti (Hindistan), pianoçu Stanislav Deyanın ustad dərsi, Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə Azərbaycan Dövlət Qədim Musiqi Alətləri ansamblının konserti, alman yazıçı-dramaturqu Patrik Züskindin «Kontrabas» pyesi əsasında eyniadlı tamaşanın təqdimatı baş tutub. Gənc Tamaşaçılar Teatrında təqdim olunan bu tamaşada kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov, muğam parçalarını isə Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edib.
Sözügedən tamaşanın musiqi tərtibatında Avropa musiqisi və milli muğam parçaları sintez olunaraq ömrünü musiqiyə həsr etmiş qəhrəmanın hiss və həyəcanını, sarsıntılarını özündə canlandırır.
Bu gün isə Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının kamera-instrumental musiqisindən ibarət konsert, Azərbaycan bəstəkarlarının vokal və xor musiqisi, «Novruz» muğam triosunun konserti, Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın «Şairin qəlbi» adlı multimedia layihəsinin təqdimatı ilə festivalın işinə yekun vurulacaq.

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “İpək yolu” II Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı gerçəkləşib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova və xanəndə Mütəllim Dəmirov iştirak ediblər. Festival haqqında ətraflı məlumat verən F.Əlizadə ötən il Şəkidə keçirilən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalının bu il Bakıda həyata keçirəcəyini bildirib: “ İyunun 28-dən iyulun 1-dək davam edəcək musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa və İsveçrədən iştirakçılar qatılacaq. Bir il bundan öncə böyük tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə sahib olan Şəki şəhərində “İpək yolu” I Beynəlxalq musiqi festivalının uğurla keçirilməsi bizi ruhlandıraraq bu ənənəni davam etdirməyə sövq edib. Buna görə də, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində, ölkəmizin paytaxtı Bakı şəhərində ikinci dəfə festivalı keçirməyə hazırlaşırıq”. Festivalın gündəliyi barədə ətraflı məlumat verən ABİ-nin sədri musiqi bayramının Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə start götürəcəyini və Bəstəkarlar İttifaqının tarixi binasında, əməkdar rəssam Səbinə Şıxlinskayanın E.Qriqin musiqisinə həsr etdiyi orijinal installyasiyaların nümayişi ilə yekunlaşacağını diqqətə çatdırıb.

ABİ-nin sədri festival günlərində şəhərimizin qonaqları və paytaxtımızın sakinlərinin izləmək imkanı əldə edə biləcəkləri əsərlər haqqında danışıb: “Festival çərçivəsində insanlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin uzun müddət səhnədə nümayiş olunmayan “Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Ukraynanın “Rikoşet” ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri-Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu Patrik Züskindin “Kontrabas” pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə çarpazlaşmış formasını izləmək imkanı əldə edəcəklər”. F.Əlizadə konsert proqramlarının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun “Şirvanşahlar Sarayı Kompleksi”ndə, Azərbaycan Milli İncəsənət Muzeyində, Gənc Tamaşaçılar Teatrında və digər mədəniyyət ocaqlarında nümayiş olunacağını və festival çərçivəsində tanınmış musiqiçilərin ustad dərslərinin keçirilməsi də planlaşdırıldığını deyib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, xalq artisti, professor Ramiz Zöhrabov və başqaları ölkəmizdə mədəni irsin qorunması, xalqımıza məxsus olan zəngin mədəniyyətin təbliğ olunmasına göstərilən diqqət və qayğını diqqətə çatdırıblar. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir gerçəkləşib.

Tədbir “Azərbaycan xalçaları böyük İpək Yolunda” sərginin nümayişi və Cavad Tağızadənin “Xalçanın musiqi sehri” multimedia layihəsinin təqdimatı ilə açılıb. Giriş sözü ilə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bəşər tarixində nadir hadisələrdən olan Böyük İpək yolunun Azərbaycanda cərəyan edən tarixi hadisələrə də təsirsiz ötüşmədiyini dilə gətirib: “Orta əsrlərdən başlayaraq Azərbaycan beynəlxalq vasitəçi rolundan aktiv iştirakçı roluna keçərək ticari dövriyyədə mədəni əlaqələrin mübadiləsində önəmli rol oynayıb. Bu yol Avropa və Şərq ölkələri arasında ticarət əlaqələri yaratmaqla yanaşı həm də mədəniyyətlərin sürətlə inkişaf etdirilməsində əvəzsiz rol oynayıb”. Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva xalça və musiqinin vəhdətindən bəhs edərək onların arasında olan qırılmaz mənəvi bağlardan söhbət açıb: “Həm musiqi, həm də xalçaçılıq insanların qəlbini riqqətə gətirən, həm də onların ruhunu oxşayan sənət incisidir”.

Qeyd edək ki, “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi Şirvanşahlar Sarayında Ü.Hacıbəylinin “Əsli və Kərəm” muğam-operasının nümayişi ilə keçiriləcək. Bu opera 22 il Azərbaycan səhnəsində göstərilməyib və yenidən bərpa olunub.

Cari ilin 28 iyun-01 iyul tarixlərində Bakıda “İpək Yolu” II-ci Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.

Festival Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqı tərəfindən təşkil edilmişdir. Təbridə Azərbaycan, Polşa, Hindistan, Ukrayna, Koreya və Norveçdən olan musiqiçilər iştirak etmişlər. Polşa Azərbaycanın cəmiyyətinin yaxşı tanıdığı, cənab Stanislav Deya ilə təmsil edilmişdir.

29 iyun 2011-ci il tarixində, Üzeyir Həcibəyov adına konsert zalında (Xaqanı küç, 27) Stanislav Deyanın və Nərgiz Əliyərovanın ifasında konsert keçirilmişdir. Proqramda F. Şopen, K. Şımanovski, V.A.Mosart, F. Lişt və Q.Qarayevin əsərləri ifa edilmişdir.